Kokpit.az xatırladır ki, Karlos Sayns ilin sonunda Ferrari-dən ayrılacaq və onun gələcək komandası hələ də məlum deyil. Namizədlər arasında Mercedes, Sauber və Red Bull komandaları var.
Red Bull komandasında Serxio Peresin müqaviləsi ilin sonunda başa çatacaq və tərəflər hələ yeni müqavilə barədə danışıqlara başlamayıblar. İddialara görə mövsümün ilk 4 yarışında 3 podium qazanmış meksikalı sürücü daha 1 il komandada qalacaq.
Helmut Marko: “Çeko bizə qoşulandan bəri ən yaxşı mövsümünü keçirir. Yaponiyadakı kimi performans göstərməyə davam etsə, 2025-ci il üçün Red Bull-un ilk seçimi olacaq. O, komanda üçün işləyir və keçən il seçdiyi radikal sazlanmaların səhv olduğunu anladı. İndi maşın Maksa daha uyğundur və bu hal ona kömək edir.
Biz Karlos Saynsla da danışıqlar aparırıq. Formula 1-dəki ən yaxşı mövsümünü keçirsə də, Audi-dən çox cəzbedici təklif alıb. Onu Toro Rosso-dan tanıyırıq və o vaxtlar belə Maks ilə yarışırdı. Daha sonra Red Bull şirkətinin onu yox, Ferstappeni dəstəkləməsi ona çox pis təsir etdi”.
Helmut Marko əlavə edib ki, onlar Lando Norris və Oskar Piastrini komandaları ilə müqavilələri olduğu üçün düşünmürlər: “Norrisin ən az 2026-cı ilin sonuna qədər müqaviləsi var. Buna görə də qısa müddət üçün bizə yaxşı seçim deyil. Piastri də elə. Ancaq hər iki sürücü də gələcək üçün cəzbedicidirlər”.
Helmut Markodan Yuki Tsunoda barədə də soruşulub: “Yuki mövsümə əla başladı və əvvəlki kimi tələsmir. Hələ 4 yarış keçib və buna görə də qəti söz deyə bilmirik. Lakin Yaponiyada yaxın olsalar da, hazırda Daniel Rikkardonu nəzarətdə saxlayır.
Daniel isə Red Bull-da yarışmaq istəyirsə, Yukini aşkar formada qabaqlamalıdır. Dediyim kimi onlar yaxın olsalar da, vəziyyət belə gətirmədi. Görək nə olur”.
Bəzi iddialara görə Liam Louson bu mövsüm Daniel Rikkardonu əvəz edə bilər. Helmut Marko buna da aydınlıq gətirib: “Liam Louson kimi güclü ehtiyat sürücümüz var və müqaviləyə görə 2025-ci ildə bizimlə yarışa bilməsə, başqa komandaya keçə bilər. Buna görə də onun barədə qəti qərara gəlmək üçün onu bu il Formula 1-ə gətirmək bizim üçün həyəcanlı ola bilər. Ancaq indi bu qarışıq haldır. Görək gələcəkdə nə olur”.
Şərh əlavə et