Xəbəri Kokpitdə Oxuyun!

Yeni xal sistemi qərarı təxirə salınıb

Britaniya mətbuatının verdiyi xəbərə görə Formula 1 komandaları xal sistemindəki dəyişiklik qərarını ilin sonuna qədər təxirə salıblar.

Kokpit.az xatırladır ki, hazırda top 5 – Red Bull, Ferrari, Mercedes, McLaren və Aston Martin – komanda var və bu komandaların sürücüləri problem yaşamadığı halda digər sürücülər xal qazana bilmirlər. Buna görə də xal sistemində dəyişikliyin edilməsi gündəmdə idi. Yeni qaydaya görə artıq 10 yox, 12 sürücüyə xal verilməli idi.

Bu mövzu dünən baş tutan və FİA, F1 və 10 komandanın qatıldığı Formula 1 komissiyasının iclasında müzakirə edilib. Dəyişikliklərin reallaşması üçün 10 komandadan beşi dəstək verməli idi.

Keçən həftə Çində kiçik komandaların rəhbərləri bu dəyişikliyi dəstəkləmiş, Red bull-dan Kristian Horner və Ferrari-dən Frederik Vassyör də bitərəf danışmışdılar. Ancaq dünənki komissiya iclasında tərəflər qərara gəliblər ki, bu dəyişikliyi dərindən təhlil etməyə ehtiyac var. FİA-nın 2025-ci ilin idman reqlamenti üçün bol zamanı var və buna görə sürətli qərar vermək lazım deyil. Bu dəyişikliyi daha əhatəli formada araşdırmalı və növbəti Formula 1 komissiyası iclasında yenidən gündəmə gətirmək lazımdır.

Bu il Red Bull, Ferrari, Mercedes, McLaren və Aston Martin daha güclüdürlər və digər komandalar onlara çatmaqda çətinlik çəkirlər. Bu il 3 komanda – Sauber, Williams və Sauber  hələ də xal qazana bilməyiblər.

Yeni xal sistemində ilk 7 sürücü əvvəlki kimi xallar qazanacaq. Daha sonra isə 5-4-3-2-1 olaraq növbəti 5 sürücüyə xallar paylanılacaq.

Rauf Hacıyev

Şərh əlavə et