Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Hülkenberq Audi-yə keçib

2026-cı ildə Formula 1-ə qayıtmağa hazırlanan Audi komandası ilk sürücüsünü transfer edib. Almaniyalı avtomobil istehsalçısı Niko Hülkenberqlə ikiillik müqavilə bağlayıb. 

Kokpit.az bildirir ki, Niko Hülkenberq Audi-nin yeni layəhəsi üçün açıqlanan ilk sürücü olub. Almaniyalı sürücü 2015-ci ildə Porsche ilə 24 saatlıq Le Man marafonunu qazanarkən onun komanda rəhbəri Andreas Zaydl idi. Bu isə o deməkdir ki, ikili 10 ildən sonra yenidən bir yerdə işləyəcəklər. Almaniyalı istehsalçının növbəti hədəfi isə Karlos Saynsdır. İspaniyalı sürücü onlara müsbət cavab verməsə, onlar Alpine komandasının sürücüsü Esteban Okona yönlənəcəklər.

Əslində Audi ilə Nikonun adı Çin Qran Prisindən əvvəl birlikdə hallanırdı. Bu dedi-qodular Şanxayda çoxaldı və bu gün rəsmi açıqlama ilə təsdiqləndi. Niko Hülkenberq gələn ildən etibarən Sauber komandasında, 2026-cı ildən isə Audi-də çıxış edəcək. Beləliklə bir neçə ay əvvəl Hinvildə işə başlayan Audi-nin yeni idarə heyəti ilk yüksək profilli transferini edib. İkiilik yeni müqavilədən sonra Niko Hülkenberq 40 yaşına qədər idmanda qalacaq. Audi əslində almaniyalı sürücü ilə yarışmaq istəyirdi və buna görə onlar təbii olaraq Niko Hülkenberqə yönləndilər.

Qeyd edək ki, Niko 2019-cu ildə Renault komandasındakı yerini itirmiş və komandasız qalmışdı. 37 yaşlı sürücü bundan sonra 3 il Aston Martin komandasının ehtiyat sürücüsü olmuş və 4 yarışda iştirak etmişdi. Lakin 2023-cü ildə Haas komandası onu transfer etmiş və tamzamanlı olaraq Formula 1-ə qaytarmışdı. Niko burada qənaətbəxş çıxış etmiş və yenidən bütün diqqətləri öz üzərinə toplaya bilmişdi.

Niko Hülkenberq 2015-ci ildə Andreas Zaydlın rəhbərliyi altında Porsche ilə 24 saatlıq Le Man marafonunu qazanmışdı. Hulkun Audi-dəki əsas hədəfi isə Formula 1 karyerası ərzində ilk dəfə podiuma yüksəlmək olacaq, çünki o, çıxdığı 207 yarışda hələ də bunu bacarmayıb.

Rauf Hacıyev

Şərh əlavə et