Kokpit.az bildirir ki, komandalar, FİA və FOM yeni xal sistemi üçün müzakirələr aparacaqlar. Belə ki, növbəti ildən etibarən yarışlarda ilk 12 yeri tutan sürücüyə xallar verilə bilər. Əgər bu təklif qəbul olunsa, ilk 7 yerə indiki kimi xallar paylanacaq. Səkkizinci yerdən etibarən isə xal paylaşımı dəyişiləcək.
Xal sistemindəki dəyişiklik öndəki komandalara təsir etməyəcək. Yeni sistemin gələn ildən tətbiq olunması üçün komandaların əksəriyyətindən dəstək gəlməlidir. Yəni ki, beş komandadan başqa FİA və FOM da bu sistemə razılıq verməlidirlər. Lakin biz dəfələrlə görmüşük ki, komandalar ictimaiyyət qarşısında fərqli danışır, amma səsvermə zamanı fərqli davranırlar. Lakin hazırda öndə mübarizə aparan komandalar belə bu fikrə pis baxmırlar.
Ferrari komandasının rəhbəri Frederik Vassyör: “Mən qarşı deyiləm. Alfa Roemo-dan gəldiyim üçün bunu anlayıram, çünki meqa həftəsonu keçirib, xalsız qalıb məyus oluruq. Əgər önünüzdə güclü komandalar mübarizəni dayandırmasalar, 11-ci yeri tutaraq, sıfır xalla həftəsonunu bitirirsiniz. Hazırda 11-ci yerlə 20-ci yerdə yarışı bitirən sürücülərin arasında fərq yoxdur. Bunun məyusluğunu çox yaxşı başa düşürəm”.
Red Bull komandasının rəhbəri Kristian Horner: “Elə bilirəm ki, hazırda Formula 1-də iki qrup var. Altıncı yerdən onuncu yerə qədər olan komandalar da ilk beş komanda kimi çətin mübarizənin içindədir. Məncə, təhlillərə baxıb bu suala cavab verməliyik̵: Reallıqda nə dəyişəcək? Buna görə də bitərəfəm”.
Haas komandasının rəhbəri Ayao Komatsu: “Nəyi pisdir? Hazırda heç xal qazanmamış 3 komanda var və bu hal idman üçün yaxşı deyil. Sürücülər 11 və ya 12-ci yeri tutub xal qazansa, xalsız daha az sürücü olacaq. Məncə, yeni sistemlə həm azarkeşlərin, həm də komanda işçilərinin motivasiyası artacaq. 12-ci yerə görə 1 xal, 11-ci yerə görə 12 xal əla mükafatdır”.
İndi isə sizə yeni xal sistemini təqdim edirik:
Yer | Hazırkı sistem | Təklif edilən sistem |
1 | 25 | 25 |
2 | 18 | 18 |
3 | 15 | 15 |
4 | 12 | 12 |
5 | 10 | 10 |
6 | 8 | 8 |
7 | 6 | 6 |
8 | 4 | 5 |
9 | 2 | 4 |
10 | 1 | 3 |
11 | 0 | 2 |
12 | 0 | 1 |
Sürətli dövrə | 1 (xal zonasına düşsə) | 1 (xal zonasına düşsə) |
Şərh əlavə et