Xəbəri Kokpitdə Oxuyun!

Zeekr modellərinin rəsmi təqdimatı olub

Son dövrlərdə Çin istehsalı olan elektrik maşınlarına maraq artmaqdadır. Elə Bakı küçələrində də onlara tez-tez rast gəlinir. Ən populyarlarından biri də, şübhəsiz ki, Zeekr markasıdır.

Zeekr avtomobillərinin ölkədəki rəsmi distributoru Efendiler Group-dur. Şirkət dünən bir sıra tanınmış simalar, bloggerlər və avtomobil sahəsində öz sözünü demiş qonaqların iştirakı ilə əsas 3 modelinin təqdimatını keçirib. Bunlar minimal ölçülərə malik əsl şəhər krossoveri X, daha əvvəl də təqdim edilmiş 001 və nəhəng, ekskluziv 009 modelləridir.

Tədbirin açılışında markanın Avrasiya üzrə direktoru Ceff Çao çıxış edib, Zeekr-ın bütün model xətti (X, 001, 001 FR, 007, 009) barədə məlumat verib. Daha sonra Efendiler Group-un rəhbər şəxsləri qonaqları salamlayaraq çıxış ediblər. Daha sonra modellər növbə ilə səhnəyə çıxarılaraq nümayiş etdirilib. Ən sonda isə hər 3 maşın qonaqların ixtiyarına buraxılıb.

X

Bir hərfdən ibarət ada sahib bu lüks subkompakt krossover 2023-cü ildə debüt edib. Bir neçə motor versiyasında buraxılan bu modelin ən güclüsü 460 at gücü ilə hərəkətə gəlir. 100 km/saat həddinə çatması üçün tələb olunan vaxt isə heyrətamizdir – cəmi 3.7 saniyə.

Maşının ölçüləri də şəhər üçün idealdır: uzunluğu 4.45 m, eni 1.83 m, hündürlüyü isə 1.57 m. Bir pilləli ötürmələr qutusuna malik X 66 kWh-lıq tam dolu batareya ilə maksimal 560 km məsafə qət edə bilir.

001

Bu model nəinki ölkəmizdə, hətta bütün dünyada ən çox sevilənlərdən biridir desək, yanılmarıq. Kuzovun axıcı və cəsarətli quruluşu, ön tərəfin fərqli dizaynı, arxa hissənin böyük və kəskin cizgilərə sahib olması maşına xüsusi görünüş bəxş edir. Bütün bu nüansları iri təkərlər əla tamamlayır.

001 modeli 2021-ci ildə təqdim edilib. Ən populyar güc qurğusu 536 at gücü hasil edir. Maşını bir neçə fərqli batareya ilə əldə etmək mümkündür: 86 kWh və 100 kWh. Standart komplektasiyalı bu maşın tam dolu bataterya ilə 700 km-dən çox məsafə qət edə bilir.

2023-cü ildə limitli sayda – cəmi 1000 ədəd 140 kWh-lıq CATL Qilin batareyaya sahib maşın satılıb ki, bu modifikasiyada 1000 km-dən çox məsafəni batareyalar tam boşalmamış qət etmək mümkündür.

001-lər arasında ən ekslüzivi isə FR (Future Road) versiyasıdır. Bu maşın 1248 at gücü hasil edən güc qurğusuna malikdir və tam dolu batareya onu 1032 km məsafəyə daşıya bilir. Təkötürməli transmissiya ilə 100 km/saat sürəti cəmi 2.07 saniyədə yığan bu maşına artıq Bakı küçələrində də rast gəlmək mümkündür.

009

Əgər bir biznesmensizsə və istər uzaq, istər şəhəriçi yaxın məsafələrə komfortlu səfər etmək istəyirsizsə, və ya eyni komfortdan ailə üzvlərinizin yararlanmasını istəyirsizsə, bu miniven tam sizlikdir. 2023-cü ildə debüt edən bu ekskluziv maşın 2-2-2 yerləşmə ilə maksimum 6 nəfər üçün nəzərdə tutulub. Ön torpedoya bərkidilmiş 10.2 inçlik böyük ekrandan əlavə, arxa sıralarda əyləşən şəxslərin multimedia imkanlarından yararlana bilməsi üçün 15.4 inçlik böyük monitor mövcuddur.

Arxa qapıların ön tərəfdən açılması isə maşına xüsusi ab-hava qatmaqla birlikdə həm də sərnişinlərin salona çox rahat daxil olmasına şərait yaradır. 009 eyni zamanda radiator barmaqlarını əvəz edən ön bölümün tamamilə işıqlandırılması təmin edilən ilk avtomobildir. Maksumal 536 at gücü ilə hərəkətə gələn bu maşının iri ölçüləri və ağır gövdəsinə baxmayaraq, həm 100 km/saat sürətinə çatmasına tələb olunan vaxt, həm də maksimum mənzili təəccüb doğurur – müvafiq olaraq, 4.5 saniyə və 702 km (CATL Qilin batareyası ilə 822 km).

 

Elçin Zodorov

Şərh əlavə et