Kokpit.az xatırladır ki, buradakı yeganə məşqlərdə Ləns Stroll hamını üstələyib. Yağışlı havada keçən sprint sıralanma turunda isə Lando Norris poulun sahibi olub. Növbəti iki yerdə Lyuis Həmilton və Fernando Alonso qərarlaşıblar.
Pirelli bura orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Startda Rassell yumşaq, qalanlar isə orta təkərləri seçiblər. Yarışa ilk cərgədən Norris və Həmilton, ikinci cərgədən Alonso və Ferstappen, üçüncü cərgədən isə Sayns və Peres başlayıblar.
Startda Həmilton həmyerlisini qabaqlayaraq yarışa başçılıq edib, trasdan kənara çıxan Lando isə yeddinci yerə qədər geriləyib. Maqnussen iki mövqe qazanıb. Hülkenberq Strollu qabaqlayaraq altıncı döngədə onu trasdan çıxmağa məcbur edib. Stüardlar məsələni araşdırıblar və heç kimi cərimələməyiblər. 2-ci dövrədə ilk onluq: Həmilton – Alonso – Ferstappen – Sayns – Peres – Lekler – Norris – Piastri – Çjou – Maqnussen.
Rassell 4-cü dövrədə Maqnusseni keçib. Danimarkalı sürücünün arxasında qatar əmələ gəlib. Ferstappen uzun müddət Alonsoya təzyiq göstərib və nəhayət, yeddinci dövrədə onu keçərək ikinci yerə yüksəlib. Bir qədər sonra Lyuis 14-cü döngədə təkərləri bloklayaraq Maksın yaxınlaşmasına səbəb olub. Son dünya çempionu 10-cu dövrədə onu üstələyərək dərhal uzaqlaşıb.
Rassell Çjounu da məğlub edərək daha bir pillə yüksəlib. Bu dəfə də tempi düşən Alonsonun arxasında bir neçə sürücü toplaşıb. Sayns onu keçməyə bir neçə dəfə cəhd edib. 17-ci dövrədə onların arasında yaşanan təmas Fernandonun təkərinin deşilməsinə səbəb olub və təcrübəli sürücü boksa gələrək yarışı dayandırıb.
Son dəqiqələrdə Ferrari sürücüləri arasında gərgin mübarizə olub. Onlar hətta təkər-təkərə təmas da yaşayıblar və nəticədə Lekler önə keçməyi bacarıb.
Maks Ferstappen mövsümün ilk sprint yarışının qalibi olub. Bu, Maksın karyerasında 8-ci sprint zəfəridir və niderlandlı gənc pilot bu baxımdan da rekordçudur. Lyuis Həmilton yarışı başladığı ikinci yerdə tamamlayıb. Serxio Peres isə ilk üçlüyü bağlayıb.
Çində artıq iki maraqlı sessiyaya şahid olmuşuq. Növbədə isə əsas yarışın sıralanma turu var.
Şərh əlavə et