Kokpit.az xəbər verir ki, Şanxay trası ilk dəfə yeni nəsil “qround-effekt”li maşınlara və 18 düymlük təkərlərə ev sahibliyi edir. Bu trasla bağlı suallar, bilinməyənlər çox olduğundan, elə ilk dəqiqələrdən sürücülər məşqə aktiv qoşulublar.
Trasın bəzi yerləri bitumla üzləndiyindən, sürücülər sürüşmələrdən narahat olublar və FIA rəsmi açıqlama vermək zorunda qalıb. Federasiya bu örtüyün sertifikatlaşdırıldığını, narahatlığa ehtiyac olmadığını bildirib. Lakin sürücülər yenə də asfaltla ilişmənin az olmasından şikayətləniblər.
Sessiya 15-ci dəqiqədə maraqlı hadisəyə görə dayandırılıb – yeddinci döngəyə yaxın ot örtüyü alışıb və marşallar gəlib söndürənə qədər kiçik bir sahə artıq yanıb. Qasli akkumulyatorun izolyasiyası ilə bağlı problemlərə görə maşını tərk etməli olub. Alonso və Piastri trasdan çıxıblar, lakin sonra yollarına davam ediblər.
Ən sürətli nəticə Ləns Strolldan gəlib – 1:36.302. Qeyd edək ki, bu, həftəsonunun yeganə məşq sessiyasıdır və sırada sprint yarışının sıralanma turu var…
Şərh əlavə et