Kokpit.az xatırladır ki, həmin yeganə məşq sessiyasında Ləns Stroll protokollara başçılıq edib. Asfaltın çox sürüşkən olmasına görə sürücülər şikayətləniblər. Peres maşının altlığını zədələyib, lakin komanda onu yenisi ilə əvəz edə bilib.
Pirelli bura C2, C3 və C4 tərkiblərini gətirib. Təsnifatın ilk iki mərhələsində bütün sürücülər Medium, son mərhələdə isə Soft təkərlərdən istifadə ediblər.
İlk sessiyada bir az yağış yağsa da, dərhal dayanıb. Sürücülər trasa tələsiblər və sıxlıq yaranıb. 1:36.110-luq nəticə göstərən Peres ən sürətli sürücü olarkən, Sarcent, Tsunoda, Elbon, Okon və Qasli mübarizəni dayandıran ilk beşlik olublar.
İkinci sessiyada məşqlərdə olduğu kimi, lakin bu dəfə beşinci döngə yaxınlığında otda alışma olduğu bildirilib. Buna səbəb kimi maşınların altından çıxan qığılcım göstərilib. Start bir neçə dəqiqə gecikib. Radarlar yağışın yaxınlaşdığını göstəriblər. Hamının trasa tələsməsi yenə də sıxlığa səbəb olub. Norris sürətli dövrəyə hamıdan tez başlayıb. Ferstappen ən sürətli olub, Stroll, Rikkardo, Hülkenberq, Maqnussen və Rassell ilk onluğa düşə bilməyiblər.
Son sessiyada tras nəm olub və sürücülər keçid təkərlərlə trasa çıxıblar. Tras çox sürüşkən olduğundan, sürücülərin çoxu trasdan çıxıb. Mübarizə çox gərgin olub və birinci yerdəki sürücü adı tez-tez dəyişib. Norris zirvəyə yüksəlsə də, nəticəsi ləğv edilib. Lakin təkrar baxışdan sonra nəticəsi bərpa edilib.
Lando Norris karyerasında ikinci dəfə sprint təsnifatında poulun sahibi olub. Sabah o, ilk cərgəni Lyuis Həmiltonla bölüşəcək. İkinci cərgədən Fernando Alonso və Maks Ferstappen, üçüncü cərgədən isə Karlos Sayns və Serxio Peres start alacaqlar.
Sabah bizi olduqca maraqlı mübarizə gözləyir. Havanın necə olacağı, Norrisin liderliyini sona qədər qoruya bilib-bilməyəcəyi, Ferstappenin neçənci dövrədə liderliyə yüksələcəyi ən maraqlı suallardandır. İstənilən halda, hava şəraiti həlledici olacaq. Bütün suallara cavab sabah Bakı vaxtı ilə 07:00-da başlayacaq mübarizədə tapılacaq…
Şərh əlavə et