Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Vəziyyət hamı üçün eynidir

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, bəzi sürücülər yeni asfaltdan narazı olsalar da, o, yarış həftəsonunu səbirsizliklə gözləyir.

Kokpit.az xatırladır ki, Mercedes komandası altlıq effektinin başladığı mövsümlərdə zəif performans göstərmiş və yeni mövsümə tamamilə yeni konseptlə başlamışdı. Lakin “gümüşü oxlar” ilk dörd yarışda gözləntiləri qarşılaya bilməyiblər. Komanda əvvəl Red Bull və Ferrari-dən geri qalırdısa, indi McLaren və Aston Martin də onları qabaqlayıb.

Corc Rassell: “Məncə, hər şeydən əvvəl öz işimizlə məşğul olmaq daha vacibdir. Hamınız öz sahələrimizə köklənməliyik. Biz sürücüyük və bizim əsas işimiz maşını mümkün qədər bərk sürməkdir. Bundan başqa maşının inkişafı üçün komandaya geribildirim də verməliyik. Buna görə də simulyatorda çox vaxt keçiririk. Bundan əvvəlki həftəsonunda maşında nəyi daha yaxşı edəcəyimizə dair işlər aparırdıq. Nəyi dəyişdirməli olduğumuza baxırdıq. Yəni sürücü kimi çox şey edə bilərik, ancaq bu maşın və sürücü birləşməsidir”.

Jurnalistlər Corc Rasselldən gələcək komanda yoldaşının kim olacağını soruşublar: “Səhv adamdan soruşursunuz. Amma bilirsiniz ki, Kimi bu həftə Mercedes-lə trasa çıxdı və testlər etdi. Məncə, bu Kimi ilə bağlı planın bir hissəsi idi. O, əla sürücüdür və keçmişdə yaxşı uğurlar qazanıb. Amma son qərarı Toto verəcək və mən buna görə öz performansıma köklənmişəm”.

Corc Rassell əksər sürücülərin şikayətçi olduğu Çinin yeni asfalt qatından da danışıb: “Düzünü desəm, çox əmin deyiləm. Amma vəziyyət hamı üçün eynidir. Əlbəttə, bəzi sürücülər sadəcə 60 dəqiqəlik məşqlərdən razı deyillər. Biz xüsusi idman növüyük. Məsələn, bir futbolçu ya da bir tennisçi böyük oyundan əvvəl sadəcə 60 dəqiqə məşq edərək hazırlaşa bilməz. Lakin bu hal hamı üçün eynidir. Məncə, bu işə daha da həyəcan qatır. Bu çətinliklərə öyrəşməliyik. Şəxsən mən bunu səbirsizliklə gözləyirəm”.

Bu həftəsonu Çində mövsümün ilk sprint yarışı olacaq. Şanxayda artıq 5 ildir yarış olmadığı üçün burada sprint də çətin olacaq. Corc Rassell bu barədə də danışıb: “Qətiliklə deyirəm ki, heç kim üçün yetərli vaxt olmayacaq. Amma vəziyyət hamı üçün eynidir. Yarışda hamıda çoxlu sual işarəsi olacaq.

Lakin 2022-ci ildə Braziliyada hər şeyi düzgün edərək sprint yarışında qalib gəlmişdik. O vaxt rəqiblərimiz bəzi şeyləri səhv etmişdi.

Bu yarışda bəzi sürprizlər ola bilər və bunlar idmanın bir hissəsidirlər. Yarışı həyəcanla və səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et