Kokpit.az xatırladır ki, Şanxay trası son Formula 1 yarışını 2019-cu ildə qəbul etmişdi. Ondan sonra Covid-19 virusu başlamış və Qran Pri 2020-2023-cü illərdə ləğv olunmuşdu.
Formula 1 beş ildən sonra Şanxay trasına qayıdır. Bu isə o deməkdir ki, yeni nəsil maşınlar ilk dəfə burada şütüyəcək və onların necə performans göstərəyi hamı üçün müəmmalıdır. Bundan başqa trasın asfaltı da yenilənib. Yəni ki, 5.4 kilometr uzunluğundakı tras üçün məlumat çox azdır və buna görə də komandalar üçün həftəsonuna hazırlanmaq çətin olacaq.
Komandalar üçün başqa problem də var: Çin bu il ilk sprint yarışını qəbul edir. Komandaların sazlanma tapmaları üçün sadəcə 60 dəqiqəlik sessiyaları olacaq.
Maks Ferstappen: “Burada sprint yarışı keçirmək ağıllı işdir (ironiya ilə). Məncə, bunu etmək heç də yaxşı deyil, çünki bir trasda uzun müddət sürməsəniz, nə olacağını bilməzsiniz. Buna görə də burada normal həftəsonu keçirmək daha yaxşı olardı.
Digər tərəfdən bu hal həftəsonunu daha maraqlı edə bilər və insanlar bunu görmək istəyirlər. Ancaq məsələyə idman cəhətdən yanaşsaq, bu, ağıllı addım deyil.
Görək orada nə qazanırıq. O trasda maşın sürməkdən həmişə həzz almışam. Ümid edirəm ki, həftəsonuna yaxşı başlayarıq və sazlanmaları çox axtarmarıq”.
Qeyd edək ki, Şanxayda keçirilən son yarışda Lyuis Həmilton qalib gəlib. Maks Ferstappenin Çində qələbəsi yoxdur.
Şərh əlavə et