Xəbəri Kokpitdə Oxuyun!

Şarl Lekler: Hədəfim qələbədir

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Çin yarışındakı əsas hədəfi qələbədir.

Kokpit.az xatırladır ki, Çin Qran Prisi 2019-cu ildən sonra bu həftəsonu təqvimə qayıdır və burada güc balansının necə olacağı hamı üçün müəmmalıdır.

Ferrari komandası son yarışlarda inkişaf edib və Red Bull ilə birlikdə yarışın ən böyük favoritlərindən sayılırlar.

Bu mövsüm gözləntiləri qarşılaya bilməyən Şarl Leklerin ən böyük hədəfi isə Şanxayda yarışı qazanmaqdır: “Qələbə həsrətim davam edir və hazırda tək hədəfim yarış qazanmaqdır. İkinci yer mənim üçün maraqlı deyil. Buna görə də Çində fürsətim olsa, qazanmaq mənim üçün vacib olacaq. Məncə, hazırda komanda üçün pozitiv dövrdəyik. Yenə də görüləcək işlərimiz var. Yaxşı nəticələr aldığımız üçün arxayınlaşmayacağıq. Əksinə daha çox işləməliyik. Bu uğurlar bizə daha çox iş görmək üçün motivasiya verir”.

Şarl Lekler bu il gözləntiləri qarşılamır və buna görə də simulyatorda daha çox işləməyə başlayıb.

Son dəfə 2022-ci ilin Avstriya yarışında qalib gəlmiş Şarl Lekler: “Milana gəldim və Maranellodakı bazada üç gün vaxt keçirdim. Burada əvvəlki yarışlarda problemlər yaşadığım Hard təkərlərlə bağlı məlumatlar topladım. Bir şeyin üzərində işləyəndə o sahədə daha yaxşı oluram. Çindəki hədəfim bu olacaq.

Burada iki sıralanma turu və iki yarış olacaq. Yəni ki, sprint həftəsonu ilə qarşı-qarşıyayıq. Qazana biləcəyimiz çox xal var və onları əldə etmək üçün orada olacağam”.

Rauf Hacıyev

Şərh əlavə et