Xəbəri Kokpitdə Oxuyun!

Lekler Çində təkər problemini həll edəcək

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Çin Qran Prisindən əvvəl onu narahat edən təkər hazırlama problemini həll etməyə fokuslanacaq.

Kokpit.az xatırladır ki, Lekler Avstraliya Qran Prisinə qədər ardıcıl 7 dəfə birinci cərgəni əldə etsə də, təkər probleminə görə Albert Parkda bu seriya sona çatıb. Monakolu sürücü bu yarışa dördüncü yerdən başlamış və finiş 2-ci yerdə çatmışdı.

Lakin Suzuka yarışında da Lekler əziyyət çəkib və sıralanma səkkizinci yeri tutub. Yaponiyada isə yarışda finişə 4-cü yerdə çatıb.

Lakin bu nəticələrə baxmayaraq Lekler düşünür ki, o, yarışlara daha yuxarı pillələrdən başlamalıdır: “Sadəcə Suzukadakı yarış barədə düşünsəm, xoşbəxtəm. Bu nəticədən yaxşısı mümkün deyildi. Temp, komunikasiya və təkərə nəzarət yaxşı idi. Ancaq bir sürücü kimi bütün həftəsonu ərzində mənfi hallara da baxmalısınız.

Avstraliyada da, Yaponiyada da yarış tempində problem yaşamadım. Problem sıralanma tempində idi və karyeram ərzində sıralanma tempi üzərində işləməyə öyrəşməmişəm. Çünki şənbə günləri həmişə yaxşı oluram. Ancaq son iki Qran Pridə təkərləri doğru aralığa gətirməkdə problem yaşayıram.

Şanxaya gedərkən əsas düşüncəm bu olacaq. Doğru aralığı tapmaq, təkərləri təkmilləşdirməyə çalışmaq və onları stabil saxlamaq.
Bunları etsəm, əminəm ki, tempim də özünə gələcək.

Dediyim kimi dövrələrim elə də pis deyil. Yaponiyada sıralanma turunda yaxşı dövrə vurmuşdum. Ancaq təkərdə asfaltla ilişmə istədiyim kimi deyildi. Bunun əsas səbəbi əvvəlki dövrədə yaxşı işləməməyim idi və bu, əsəbpozucudur. Dövrəni bitirirsiniz və xoşbəxt olmursunuz. Buna görə də bu problemi həll etməliyəm.

Çox incə və çox kiçik fərqlər var, ancaq məlumatları yaxşı təhlil edərək bir şeyə köklənəndə onu tezliklə dəyişdirə bilirəm. Buna görə də çox narahat deyiləm. Amma Şanxay üçün bu addımı atmalıyam”.

Rauf Hacıyev

Şərh əlavə et