Xəbəri Kokpitdə Oxuyun!

Red Bull tələsməyəcək

Red Bull komandası Audi-nin sürücü bazarında aktivliyinə baxmayaraq, gələnilki heyəti ilə bağlı qərarı verməkdə tələsməyəcək.

Kokpit.az xatırladır ki, Serxio Peresin komandası ilə müqaviləsi ilin sonunda bitir və buna görə də hazırda ən sürətli komanda olan Red Bull-un ikinci maşınına gələn il üçün vakant yer var.

Serxio Peres bu mövsüm yaxşı çıxış edir və o, ilk 4 yarışın 3-də ikinci yeri tutaraq, ona verilən minimum vəzifəsindən gəlir. Ancaq Red Bull komandası Serxio Peresin bu formada uzun müddət sürüb-sürməyəcəyini görmək istəyir, çünki meksikalı sürücü keçən il də mövsümə yaxşı başlamış, Avropa yarışlarından etibarən geriləməyə başlamışdı.

Red Bull komandası Serxio Pereslə davam etmək istəməsə, bir neçə alternativi olacaq. Bu alternatiblərdən biri hazırda VCARB komandasında çıxış edən Yuki Tsunoda ola bilər. Yaponiyalı sürücü mövsümə gözəl başlayıb və Avstraliya, Yaponiya yarışlarında xallar qazanıb.

Ancaq Britaniya mətbuatı xəbər verir ki, Red Bull komandası daha təcrübəli namizədləri də dəyərləndirir. Aleks Elbon “qırmızı öküzlər”in siyahısında olsa da, hazırda Ferrari-də çıxış edən Karlos Sayns daha ciddi namizəddir. İspaniyalı sürücü hazırda ideal formadadır və bu il yarışdığı 3 yarışı da podium qazanaraq bitirib. Buna görə də o, Red Bull-un siyahısında zirvədədir.

Ancaq bəzi iddialara görə Aston Martin komandası gələn Ləns Strollun  yerinə Karlos Saynsı gətirmək istəyir. Bundan başqa 2026-cı ildə idmana gəlməyə hazırlaşan Audi komandası da sürücü axtarışındadır. Onların əsas hədəfi isə Karlos Saynsdır. Amma alman təmsilçisi heyətinə gələn ilə qədər qərar vermək istəyir və buna görə də sürücülərə gözləmə şansı qalmır. Bu hal Red Bull komandasının işini çətinləşdirir.

Ancaq son iki ilin çempionu Red Bull komandası israrla bildirir ki, belə hallar onlara təsir etmir və onlar qərar vermək üçün bir müddət düşünəcəklər.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko: “Sürücü bazarı aprel ayında alışıb yanır və normal halda heç kim apreldə ayında olarkən bu barədə danışmağa başlamır. Bu axmaqlıqdır və biz bu axmaqlığa qoşulmayacağıq. Nə baş verir bilmirəm. Eşitdim ki, Audi sürücüləri təzyiq altında saxlayır və yeni gələn şirkətin belə etməsi bir az qəribədir”.

Red Bull komandası yaya qədər gözləmək istəsə də, Serxio Peres düşünür ki, işlər daha tez yön dəyişə bilər: “Bu mövzuda çox rahatam. Bu, mənim Formula 1-dəki 14-cü mövsümümdür və indiyə kimi idmanda gördüyüm işlərdən razıyam. Hər şey zaman keçdikcə məlum olacaq.

Sözün açığı sürücü bazarı hazırda od tutub yanır. Növbəti həftələrdə dedi-qodular daha da çoxalacaq. Buna görə də bir ay içində mənim gələcəyimə aydınlıq gələ bilər”.

Red Bull komandasının rəhbəri Kristian Horner isə bildirib ki, yaxşı çıxış etsə, Serxio Peres komandada qalacaq: “Sadəcə gördüyü işə davam etməlidir.

Sürücü bazarında hamı tələsir. Hələ dördüncü yarışdayıq və rəqiblərimizdən fərqli olaraq biz tələsmirik. Gözlənildiyi kimi bizim maşında yarışmağa hamı maraq göstərir. Bundan başqa növbəti il barədə düşünmək üçün bir neçə yarışa ehtiyacımız var”.

Rauf Hacıyev

Şərh əlavə et