Xəbəri Kokpitdə Oxuyun!

Yaponiya-2024: Red Bull-dan qələbə dublu!

Qüvvələr nisbəti hər yarışda dəyişir. Komandalar durmadan yeniliklər hazırlayırlar, təkər təchizatçısı hər trasa fərqli tərkiblər gətirir və müxtəlif hava şəraitləri də intriqanı artırır. Dəyişməyən yeganə şey Ferstappenin üstünlüyüdür.

F-1.az xatırladır ki, ilk və son məşqlərdə Maks Ferstappen, ikinci məşqlərdə isə Lando Norris protokollara başçılıq edib. Sıralanma turunda bu dəfə də qalib dəyişməyib – niderlandlı sürücü heç kimə imkan verməyib.

Start düzümündə ön cərgəni Red Bull sürücüləri, ikinci cərgəni Norris və Sayns, üçüncü cərgəni isə Alonso və Piastri tutublar. Pirelli buraya C1, C2 və C3 tərkiblərini gətirib. Başlanğıc üçün Alonso, Hülkenberq, Bottas, Elbon, Okon, Stroll, Qasli və Sarcent yumşaq, qalanları isə orta təkərləri seçiblər.

Startda Ferstappen yerini qoruyub, ilk onluqda dəyişiklik olmayıb. Tsunoda iki pillə irəliləyib. Elbon və Rikkardonun təması hər ikisinin bariyerlərə çırpılaraq qəza etməsi ilə nəticələnib. Yarış qırmızı bayraqlarla dayandırılıb. Fasilə təxminən 28 dəqiqə davam edib.

Bir çoxları bu fasilədən istifadə edərək yeni təkərə keçib. Həmilton, Rassell, Okon, Qasli və Sarcent Hard-a keçib. Alonso, Hülkenberq, Bottas, Tsunoda, Stroll və Çjou Soft-u seçib. Qalanları isə yarışı Medium-la davam etdiriblər.

Yarışa yerindən start verilib, Maks yenə yerini qoruyub. Lekler Həmiltonu qabaqlayıb. Rassell təkərlərini bloklayıb, Hülkenberq 16-cı yerə geriləyib. Rassell Tsunodanı, Stroll isə Okonu geridə qoyub. Hülkenberq, Bottas, Tsunoda və Çjou pit-stop ediblər. Onlara Norris, Piastri və Stroll qoşulublar.

Çjou ötürmələr qutusundakı problemə görə yarışdan çəkilib. Sarcent Okonu keçib. Ferstappen və Qasli 17-ci dövrədə təkər dəyişiblər, Norris Həmiltonla mübarizədən qalib ayrılıb. Lyuisi Serxio da geridə qoyub. Norris ilk döngədə əla hücumla Rasselli ötüb.

Mercedes sürücülərinin Hard təkərləri tez effektivliyini itirib, lakin Həmiltonun xahişinə baxmayaraq, komanda strategiyanı dəyişməyə tələsməyib. Ferstappen pit-stop etməmiş Lekleri qabaqlayıb. Sayns Rasselli, Alonso isə Həmiltonu keçib.

Lekler və Norris təkərlərini dəyişiblər, Lando yenə Rasselli məğlub edə bilib. 30-cu dövrədə ilk onluq: Ferstappen – Peres – Sayns – Alonso – Piastri – Lekler – Norris – RasseLl – Həmilton – Hülkenberq.

33-cü dövrədə Piastri, 34-cü dövrədə Peres və Alonso pit-stop ediblər. Tsunoda və Stroll Hülkenberqi qabaqlayıblar və Niko pit yoluna üz tutub. 35-ci dövrədə Ferstappen, Okon, Stroll və Sarcent yeni təkərlərə keçiblər. Bir dövrə sonra Peres Lekleri arxada qoyub.

Sayns və Rassell də təkər dəyişiblər və ispan sürücü Həmiltonu keçib. Daha sonra Lyuis də pit-stopda gecikdirildikdən sonra trasa qayıdıb. Sarcent çınqıllığa düşüb, lakin maşını qoruya bilib. Geri trasa qayıdaraq pitə yollanıb. Sayns yeni təkərlərin üstünlüyü ilə əvvəlcə Norrisi geridə qoyub, daha sonra da komanda yoldaşını üstələyərək ilk üçlüyə yüksəlib.

Helkenberq Maqnussendən üstün olub. Rassellin sonlara yaxın Piastriyə olan hücumları nəticəsiz qalıb və gənc avstraliyalı sürücü yerini qoruya bilib. Lakin Corc son dövrədə istədiyinə nail olub.

Maks Ferstappen mövsümdə üçüncü, karyerasında isə 57-ci qələbəsinə imza atıb. Serxio Peres ikinci olmaqla Red Bull-a tarixindəki 31-ci qələbə dublunu bəxş edib. Podiumun son pilləsini isə mövsümün ən yaxşılarından olan Karlos Sayns tutub.

Çempionat iki həftə sonra uzun fasilədən sonra təqvimə qayıdan Şanxay trasında davam edəcək. Orada bizi mövsümün ilk sprint həftəsonu gözləyir…

Sıra Sürücü Komanda Vaxt Pit
1 Maks Ferstappen Red Bull 3
2 Serxio Peres Red Bull +12.535 3
3 Karlos Sayns Ferrari +20.866 3
4 Şarl Lekler Ferrari +26.522 2
5 Lando Norris McLaren +29.700 3
6 Fernando Alonso Aston Martin +44.272 3
7 Corc Rassell Mercedes +45.951 3
8 Oskar Piastri McLaren +47.525 3
9 Lyuis Həmilton Mercedes +48.626 3
10 Yuki Tsunoda RB +1 dövrə 3
11 Niko Hülkenberq Haas +1 dövrə 3
12 Ləns Stroll Aston Martin +1 dövrə 4
13 Kevin Maqnussen Haas +1 dövrə 2
14 Valtteri Bottas Sauber +1 dövrə 3
15 Esteban Okon Alpine +1 dövrə 3
16 Pyer Qasli Alpine +1 dövrə 3
17 Loqan Sarcent Williams +1 dövrə 4

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1.33.706 (50-ci dövrə, 223.093 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR

Pilot Komanda Dövrə Səbəb
Quanyu Çjou Sauber 13 ötürmələr qutusu
Aleksander Elbon Williams 14 qəza
Daniel Rikkardo RB 4 qəza

 

SÜRÜCÜLƏR ÇEMPİONATI

Sıra Pilot Komanda Xal
1 Maks Ferstappen Oracle Red Bull Racing 77
2 Serxio Peres Oracle Red Bull Racing 64
3 Şarl Lekle Scuderia Ferrari 59
4 Karlos Sayns Scuderia Ferrari 55
5 Lando Norris McLaren F1 Team 37
6 Oskar Piastri McLaren F1 Team 32
7 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 24
8 Fernando Alonso Aston Martin Aramco F1 Team 24
9 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 10
10 Ləns Stroll Aston Martin Aramco F1 Team 9
11 Yuki Tsunoda Visa Cash App RB F1 Team 7
12 Oliver Birman Scuderia Ferrari 6
13 Niko Hülkenberq MoneyGram Haas F1 Team 3
14 Kevin Maqnussen MoneyGram Haas F1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU

Sıra Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 141
2 Scuderia Ferrari Ferrari 120
3 McLaren F1 Team Mercedes 69
4 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 34
5 Aston Martin Aramco F1 Team Mercedes 33
6 Visa Cash App RB F1 Team Honda RBPT 7
7 MoneyGram Haas F1 Team Ferrari 4

Elçin Zodorov

Şərh əlavə et