Kokpit.az xatırladır ki, mövsümün ilk 3 yarışı Lyuis Həmilton üçün heç də yaxşı keçməmişdi. Mövsüm Mercedes üçün pis başladığı üçün britaniyalı sürücü ilk yarışlarda təcrübə üçün sazlanmalar seçmiş və buna görə də komanda yoldaşı Corc Rassellin gerisində qalmışdı. Lakin bugünkü sıralanma turunda Lyuis Həmilton 7-ci, komanda yoldaşı Corc Rassell isə 9-cu yerləri tutublar. Beləliklə, yeddiqat Dünya Çempionu bu pis statistikanı sona çatdırıb.
Lyuis Həmilton yeddinci yeri tutsa da, maşına olan ümidi artıb: “Hər şeyimi ortaya qoyurdum. Komanda bu həftəsonu sazlanmalarda dəyişiklik edərək əla iş gördü. Bu həftəsonu ilk dəfə sazlanmalarla bağlı dəli olmadım və çoxlu şey test etmədim. Buna görə bir az normal halıma qayıtdım.
Məncə, maşınımızı daha yaxşı vəziyyətə gətirdik və buna görə də həzz aldım. Sadəcə rəqiblərimiz bir az sürətlidirlər.
Keçən il Red Bull-dan 1 saniyə ya da bir az daha çox geridə idik. İndi isə fərq 0.6 saniyədir və bu bir az yaxşıdır. Bəlkə bir az fərqli iş görsəydik, daha 0.1 saniyə sürətli olardıq, amma əlimizdən gələn bu idi.
Məncə, hazırda bizim üçün hazırda ən yaxşı şey harada daha zəif olduğumuzu anlamaqdır. Bunu maşında hiss edirəm və artıq komandadakı işçilərə “bu sahədə daha çox iş görməliyik” deyə bilərəm. Ancaq sabahkı yarışda maşının daha güclü olacağına ümid edirəm”.
Komanda artıq sazlanmaları sınaqdan keçirib və artıq normal sazlanma tapılıb. Bəs bununla Mercedes artıq maşında doğru yolu tapıb?
Lyuis Həmilton bu barədə belə danışıb: “Mən şəxsən inanıram ki, elədir. Trasdan-trasa getdikcə sazlanma tapmaq çətinləşir və biz bunun fərqindəyik. Bəzi yerlərdə hiss etdik ki, nə etsək də, maşın yenə düzəlməyəcək. Lakin bu həftəsonu hər şey yaxşıdır və ümid edirəm ki, növbəti yarışlar da belə olar. Ondan sonra maşının performansını artıra bilərik”.
Şərh əlavə et