Kokpit.az xatırladır ki, əksəriyyət bu il VCARB komandasından yüksək nəticələr gözləsə də, onlar 3 yarışdan sadəcə birində xal qazana biliblər. Düzdür, bu il ilk beş komanda – Red Bull, Ferrari, McLaren, Aston Martin və Mercedes çox güclüdürlər və bu hal digər beş komandanın işini çətinləşdirir. Buna baxmayaraq, Yuki Tsunoda Avstraliyada Ferstappen, Həmilton və Rassellin mübarizəni dayandırmasından istifadə edərək, komandasına qızıl dəyərində xallar qazandırmışdı.
VCARB komandasının rəhbəri Loren Mekis bildirib ki, onlar əfsanəvi Suzuka trasına yeni altlıq hazırlayıblar: “Buraya yeniliklər gətiririk və altlıqda dəyişikliklər olacaq. Bu mövsümdəki ilk altlıq yeniliyidir. Belə baxanda elə də böyük şey deyil, kiçik detaldır. Amma saniyənin mində biri qədər fərq yaratması da bizim üçün çox vacibdir.
Bu yenilikləri maşında tətbiq edəcəyik, amma bilirsiniz ki, birinci sərbəst yürüşlərdə sükan arxasına iki yapon sürücü keçəcək. Birinci sərbəst yürüşlərdə yeni altlıqla köhnə altlığı test edərək, müqayisə aparacağıq”.
Qeyd edək ki, Yaponiyadakı birinci sərbəst yürüşlərdə Daniel Rikkardonu gənc sürücü Ayumu İvasa əvəz edəcək.
Şərh əlavə et