Xəbəri Kokpitdə Oxuyun!

Suzukada Rikkardonu İvasa əvəz edəcək

Red Bull komandasının idman məsləhətçisi Helmut Marko bildirib ki, Yaponiyadakı birinci sərbəst yürüşlərdə Daniel Rikkardonu gənc yaponiyalı Ayumu İvasa əvəz edəcək.

Kokpit.az bildirir ki, bununla da gündoğan ölkədəki birnci sərbəst yürüşlərdə VCARB komandası iki yaponiyalı – Yuki Tsunoda və Ayumu İvasa – ilə mübarizə aparacaq.

Qaydalara əsasən hər komanda ən az iki sərbəst yürüşlərdə bir gənc sürücünün xidmətindən yararlanmalıdır. VCARB komandası bununla bu qaydadakı ilk sessiyanı reallaşdıracaq.

Qeyd edək ki, Ayumu İvasa Formula 2-də iki mövsüm keçirib və hazırda Super Formula seriyasında çıxış edir. 22 yaşlı sürücü Formula 2-də keçirdiyi iki mövsümdə – 2022 və 2023-cü illər – müvafiq olaraq 5-ci və 4-cü yerləri tutmuşdu. İvasa 2021-ci ildən Red Bull Sürücü Akademiyasının üzvüdür.

Qeyd edək ki, VCARB komandası daha əvvəl də Yaponiyada yerli gənc sürücünün xidmətindən yararlanıb. 2019-cu ildə Yaoki Yanamoto Suzukada birinci sərbəst yürüşlərdə Toro Rosso komandasının sükanı arxasına keçmişdi.

Helmut Marko: “Cümə günü birinci sərbəst yürüşlərdə gənc sürücümüz Ayumu İvasanın xidmətindən yararlanacağıq. Bundan başqa Suzuka trası Racing Bulls üçün əlverişlidir”.

Rauf Hacıyev

Şərh əlavə et