Kokpit.az xəbər verir ki, təcrübəli mütəxəssis Avstraliyanın Fox Sports telekanalının suallarına cavab verib, Maks Ferstappenin bir nömrəli seçim olması məsələsinə toxunub.
Toto Volff: “Bəli, sadəcə onun performans səviyyəsinə baxın. Amma digər namizədlərin bacarıqlarını da yox saymaq istəmirəm. Hər şeydən əvvəl, maşınla nə edə biləcəyimizi özümüzdən soruşmalıyıq. Bundan sonra ikinci sürücü seçmək daha asan olacaq, çünki bizdə artıq dünya çempionu olmaq potensialına malik Corc Rassell var. Komandanın həll etməli olduğu əsl problem maşın problemidir, heyrətamiz bir sürücü gətirmək sehrli həll yolu deyil.
Lyuisin çox tez qərar verməsinə təəccübləndiyimiz üçün indi tələsmək istəmirəm. Aparıcı komandalar arasında vakant yer yalnız bizdə var. Amma əgər Maks Red Bull-u tərk etmək qərarına gəlsə, onda bizim boş yerimiz olmayacaq. Bizim üçün həqiqətən maraqlı variantlar var – super gənc istedaddan daha yaşlı və çox təcrübəli sürücüyə qədər. Ancaq yaxın bir neçə həftə və ya aylarda qərar verməyəcəyik, çünki pilot bazardakı vəziyyəti izləməyə davam etmək istəyirəm”.
Toto Volf izah edib ki, gənc istedad dedikdə Mercedes-in gənclər proqramının iştirakçısı Kimi Antonelli nəzərdə tutur: “Dediyim kimi, Maksın qərarından çox şey asılı olacaq. Ancaq gənc və çox perspektivli bir oğlanımız var. Mən ona daha çox təzyiq etmək istəmirəm, amma görünür, Kimi böyük pilotlardan biri olmaq potensialına malikdir. Bununla belə, biz işi tələsdirib onu 17 yaşında Formula 1-in sükanı arxasına qoymaq istəmirik. Antonelli üçün istifadə edə biləcəyimiz bir neçə başqa variantımız var. Əlbəttə, bazarda çox təcrübəli olan Fernando Alonso var – maraqlı variantdır. Həm də çox yaxşı çıxış edən Karlos Saynsın adını çəkməliyəm. Seçimlər çoxdur, lakin seçmək asan deyil”.
Xatırladaq ki, Mercedes ilə 6 titul qazanmış Lyuis Həmilton cari ilin əvvəlində gələn mövsümdən etibarən Ferrari-də yarışacağını elan edib.
Şərh əlavə et