Kokpit.az xatırladır ki, Ferrari komandası Avstraliyada iki ildən sonra ilk dəfə qələbə dublu edib və hazırda “qırmızılar”ın kefi kökdür.
Ferrari hazırda hər iki çempionatda da işini düzəldib və Red Bull ilə fərqi azaldıb. İtalyanlar bu tempi qorumaq üçün hərəkətə başlayıblar. Komanda SF-24-ü təkmilləşdirməyə çalışır.
İtaliya mətbuatının verdiyi xəbərə görə Frederik Vassyörün başçılıq etdiyi komanda Suzuka üçün vacib yeniliklər hazırlayır. Yeniliklərin əksəriyyəti aerodinamika sahəsindədir. Təkmilləşməli əsas detallardan biri isə altlıqdır. Ferrari-nin texniki heyəti əsasən bu detalın orta hissəsi ilə maraqlanır və bunun hesabına Red Bull-a çatacaqlarına əmindirlər.
Bu isə o deməkdir ki, Ferrari komandası inkişaf yarışında sürətlənib, çünki bu yeniliklərin daha əvvəl İmolada təqdim ediləcəyi düşünülürdü. İndi isə yeni altlığın 3 həftə əvvəl gəlməsi planlaşdırılır.
Altlığı belə tez gətirməyin başqa məntiqi də var. Çin və Mayamidəki Qran Prilərin hər ikisində sprint yarışı var və yeni detalları test etmək üçün komandaların sadəcə 1 sərbəst yürüşləri olacaq. Suzukada isə normal yarış həftəsonu olduğu üçün üç sərbəst yürüş keçiriləcək.
İmolada böyük dəyişiklik gözlənilir
Ferrari-nin İmolada böyük dəyişikliyə gedəcəyi gözlənilir. İtaliya mətbuatına görə saydpodun quruluşu tamamilə dəyişdiriləcək. Hava girişləri hazırkı versiyaya görə daha aqressiv olacaq və böyük ehtimalla Red Bull-a bənzəyəcək.
Şərh əlavə et