Xəbəri Kokpitdə Oxuyun!

Avstraliya-2024: Ferrari-dən qızıl dubl!

Melburndakı yarış dedikdə, çoxumuzun gözündə mövsümün startı canlanır. Lakin artıq bir neçə ildir ki, ilk yarış darıxdırıcı Sahirdə baş tutur, bura gələnə qədər isə qüvvələr nisbəti artıq məlum olur.

Kokpit.az xatırladır ki, ilk məşqlərdə Lando Norris, digər iki məşqlərdə isə Şarl Lekler hamıdan sürətli olub. Karlos Sayns əməliyyatdan sonra yenidən sükan arxasına qayıdıb. İlk sərbəst yürüşlərdə qəza edən Elbon isə komanda ehtiyat şassi hazırlamadığından, həftəsonuna Loqan Sarcentin maşını ilə davam etməli olub.

Dünənki poul yarışında həftəsonu boyunca sürətli olan Ferrari pilotlarına heç bir şans verməyən Maks Ferstappen qalib gəlib və mövsümün üçüncü yarışına da ən öndən başlamaq şansını qazanıb.

Sıralanma turundan sonra Serxio Peresə ilk sessiyada Niko Hülkenberqə mane olduğu üçün startda 3 yer itirmək cəzası verilib. Yarışa ön cərgədən Ferstappen və Sayns, ikinci cərgədən Norris və Lekler, üçüncü cərgədən isə Piastri və Peres başlayıb.

Pirelli Melburna C3, C5 və C5 tərkiblərini gətirib. Alonso və Hülkenberq sərt, Çjou, Həmilton və Rikkardo yumşaq, qalanları isə orta təkərləri seçib.

Startda Ferstappen yerini qoruyub, Rassell Peresi, Stroll Tsunodanı geridə qoyub. Həmilton mövqeyini bərpa edib. Bottas Alonsonu qabaqlasa da, ispan sürücü yerini bərpa edib.

Sayns ikinci dövrədə Ferstappeni keçərək liderliyə yüksəlib. Bir qədər sonra Maksın əyləcləri tüstülənməyə başlayıb. Niderlandlı sürücü boksa qayıdıb və yarış onun üçün başa çatıb.

Pit-stop dalğası artıq 6-cı dövrədən başlayıb. Bu addımı ilk atan sürücülər Rikkardo, Elbon, Çjou, Həmilton, Maqnussen, Rassell, Stroll və Bottas olublar. Onları Lekler, Piastri, Tsunoda və Okon izləyiblər.

Norris və Peres 14-cü, lider Sayns və Okon isə 17-ci dövrədə analoji addımı atıblar. Elə həmin dövrədə Həmilton motoru güc itirdiyi üçün maşını saxlayıb və yarışdan çəkilib. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Alonso, Hülkenberq və Qasli bu fürsətdən istifadə edərək pit yoluna üz tutublar.

Restart 18-ci dövrədə verilib. 18-ci dövrədə ilk onluq: Sayns – Lekler – Piastri – Norris – Alonso – Rassell – Peres – Stroll – Tsunoda – Elbon.

Peres 3 dövrə sonra Rasselli üstələyib. Maqnussen komandanın xahişi ilə yerini daha yumşaq təkərdə olan Hülkenberqə verib ki, Elbonu ötmək mümkün olsun. Peres Alonsonu ötüb, Fernando pit-stop edib. Elbon da yeni təkərlərə keçib.

McLaren 29-cu dövrədə təkərlərindən şikayətlənən Piastridən Norrisi irəli buraxmasını xahiş edib. Avstraliyalı sürücü buna əməl edib və Lando ondan dərhal uzaqlaşıb.Növbəti pit-stop dalğası başlayıb. Son dövrələrdə Rassell Alonsoya altıncılıq üçün təzyiqlər göstərsə də, ispan sürücü ustalıqla yerini qoruyub.

Sonuncu dövrədə isə britaniyalı sürücü hücumda olarkən çox ciddi qəza edib. VTM rejimi elan edilib və yarış bu formada başa çatıb. Lakin Rassellin maşınından olan görüntülərdə müşahidə edilib ki, Fernando DRS zonasından əvvəl döngəyə girərkən həmişəkindən çox yavaşlayb. Stüardlar “breyk test” ehtimalını nəzərdən keçiriblər.

Karlos Sayns mövsümdə ilk, karyerasında isə üçüncü qələbəsini qazanıb. Şarl Lekler ikinci olaraq Ferrari-yə gözlənilməz dubl gətirib. Bu, komandanın tarixində 86-cı belə uğurdur. Podiumun son pilləsinə isə bu dəfə Lando Norris yüksəlib. Yuki Tsunoda mövsümdə ilk xalını qazanıb, Haas isə bu il ilk dəfə hər iki sürücüsü ilə xal zonasına düşüb.

Mübarizə iki həftə sonra uzaq şərqdə – Suzukada davam edəcək…

Sıra Sürücü Komanda Vaxt Pit
1 Karlos Sayns Ferrari 2
2 Şarl Lekler Ferrari +2.366 2
3 Lando Norris McLaren +5.904 2
4 Oskar Piastri McLaren +35.770 2
5 Serxio Peres Red Bull +56.309 2
6 Fernando Alonso Aston Martin +1:20.992 2
7 Ləns Stroll Aston Martin +1:33.222 2
8 Yuki Tsunoda RB +1:35.601 2
9 Niko Hülkenberq Haas +1:44.553 2
10 Kevin Maqnussen Haas +1 dövrə 2
11 Aleksander Elbon Williams +1 dövrə 2
12 Daniel Rikkardo RB +1 dövrə 2
13 Pyer Qasli Alpine +1 dövrə 2
14 Valtteri Bottas Sauber +1 dövrə 2
15 Quanyu Çjou Sauber +1 dövrə 2
16 Esteban Okon Alpine +1 dövrə 3

Sürətli dövrə: Şarl Lekler (Ferrari) – 1.19.813 (56-cı dövrə, 238.066 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR

Pilot Komanda Dövrə Səbəb
Corc Rassell Mercedes 58 qəza
Lyuis Həmilton Mercedes 14 güc qurğusu
Maks Ferstappen Red Bull 4 əyləc

 

SÜRÜCÜLƏR ÇEMPİONATI

Sıra Pilot Komanda Xal
1 Maks Ferstappen Oracle Red Bull Racing 51
2 Şarl Lekler Scuderia Ferrari 47
3 Serxio Peres Oracle Red Bull Racing 46
4 Karlos Sayns Scuderia Ferrari 40
5 Oskar Piastri McLaren F1 Team 28
6 Lando Norris McLaren F1 Team 27
7 Fernando Alonso Aston Martin Aramco F1 Team 20
8 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 18
9 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 8
10 Ləns Stroll Aston Martin Aramco F1 Team 7
11 Oliver Birman Scuderia Ferrari 6
12 Yuki Tsunoda Visa Cash App RB F1 Team 4
13 Niko Hülkenberq MoneyGram Haas F1 Team 3
14 Kevin Maqnussen MoneyGram Haas F1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU

Sıra Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 97
2 Scuderia Ferrari Ferrari 93
3 McLaren F1 Team Mercedes 55
4 Aston Martin Aramco F1 Team Mercedes 27
5 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 26
6 Visa Cash App RB F1 Team Honda RBPT 4
7 MoneyGram Haas F1 Team Ferrari 4

Elçin Zodorov

Şərh əlavə et