Xəbəri Kokpitdə Oxuyun!

S.Volff FİA-nı məhkəməyə verib

Formula 1 Akademiyasının baş icraçı direktoru bu addımı dekabr ayında irəli sürülən iddialara görə atıb.

Kokpit.az xəbər verir ki, Toto Volffun xanımı bu barədə özü açıqlama verib.

Syuzi Volff: “Mən təsdiq edə bilərəm ki, martın 4-də FİA-nın ötən ilin dekabrında haqqımda irəli sürdüyü ifadələrlə bağlı şəxsən Fransa məhkəməsinə ərizə vermişəm. FİA və əməkdaşlarının bu məsələdə davranışlarına hələ də hüquqi qiymət verilməyib.

Düşünürəm ki, indi danışmaq, qeyri-münasib davranışları dilə gətirmək və insanların məsuliyyətə cəlb olunmasını təmin etmək həmişəkindən daha vacibdir. Bəziləri susmağın onları məsuliyyətdən azad etdiyini düşünsə də, bu, belə deyil”.

Xatırladaq ki, keçən ilin sonlarında Syuzi və Mercedes-in komanda rəhbəri olan əri FİA-nın Etika Komitəsinin araşdırmasına məruz qalmışdılar. Onlar məxfi məlumatları açıqlamaqda şübhəli bilinirdilər. Federasiya Syuzinin həyat yoldaşına FOM-un işi haqqında Mercedes-ə rəqabət üstünlüyü verə biləcək məxfi məlumatları söyləyib-söyləmədiyini öyrənmək istəyirdi.

Digər doqquz komandanın hamısı vəziyyətlə bağlı maraqların toqquşması ilə bağlı hər hansı narahatlığı inkar edən bəyanatlar verdikdən sonra istintaq bağlanmışdı. Bir neçə gün sonra FİA Syuzi və Toto ilə bağlı rəsmi təhqiqatın yekunlaşdığını açıqlamışdı, lakin xanım Volff baş verənlərdən son dərəcə narazı olduğunu açıqlamışdı.

Bu gün səhər saatlarında FİA-nın Etika Komitəsi araşdırmalardan sonra federasiya prezidenti Mohammed Ben Sulayemə bəraət qazandırdığını açıqlayıb.

Elçin Zodorov

Şərh əlavə et