Xəbəri Kokpitdə Oxuyun!

O.Birman: F1-də yarışmaq üçün daha nə etməliyəm?

Ferrari komandasının sürücüsü Oliver Birman bildirib ki, Ciddədə göstərdiyi performansla Formula 1-də daimi qalmağa layiqdir.

Kokpit.az xatırladır ki, Karlos Sayns cümə günü apendisit əməliyyatını girmiş və buna görə də onu Ferrari-nin rezerv sürücüsü Oliver Birman əvəz etmişdi.

Britaniyalı sürücü sıralanma turunda 11-ci olaraq, son sessiyanı az fərqlə qaçırmışdı. Lakin 18 yaşlı pilot yarışda yeddinci yerə yüksələrək, debüt yarışında 6 xal qazana bilib.

Oliver Birman: “Əla yarış idi. Bolid sözün əsl mənasında uçurdu. Bu, təbii ki, böyük bonusdur, amma məncə təmiz yarış keçirdik. Səhv eləmədik və bu istədiyimiz şey idi. Buna görə də performansımdan razıyam.

Əlbəttə, Formula 2-də poul qazandıqdan sonra davam edə bilmədiyim üçün məyus oldum, amma əlinizə belə fürsət gəlirsə, dəyərləndirməlisiniz. Buna görə də çox xoşbəxtəm və yaxşı performans göstərdiyimi düşünürəm.

Formula 1-də daimi yarışmaq üçün daha nə etməliyəm bilmirəm. Böyük ehtimalla növbəti yarışlarda Formula 1-də olmayacağam. Hədəfim bu həftəsonu şou göstərmək idi. Məncə, əla iş gördüm. Buna görə də problem yoxdur. Hazırda edə biləcəyim tək şey var – Formula 2-də var qüvvəmlə sürmək və fürsət gözləmək.

Bu il Haas ilə bir neçə sərbəst yürüşlərə çıxacağam. Buna görə də o maşınla mümkün qədər çox məsafə qət etməyi səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, mənim üçün yeni qapı açılar. Bu çox gözəl olardı.

İndi bütün diqqətimizi Formula 2-yə yönləndirəcəyik. Hazırda Formula 1-də Formula 2-dən çox xal yığmışam. Buna görə də çox iş görməliyəm”.

Oliver Birman yarışı Lando Norris və Lyuis Həmiltonun önündə bitirib.

Yeddiqat Dünya Çempionu Lyuis 2007-ci ildə ilk yarışına çıxanda Birmanın hələ 2 yaşı var idi. Britaniyalı sürücüdən Həmiltonla eyni peletonda yarışmağın necə hiss olduğu soruşulub.

Oliver Birman: “Həmilton və Norris pitə gəldilər və arxamda iki maşın gördüm. Düşündüm ki, sürətlə yaxınlaşacaqlar, amma Soft təkər sonlarda performans göstərə bilmədi. Məndən 2.5 saniyə geri qalırdılar və bilirdim ki, beş dövrə ərzində səhv etməsəm, yerimi qoruyacağam.

Həmiltona nisbətdə çox gəncəm və bu əladır. Bu adamların mübarizəsini izləyərək böyüdüm və bu gözəl idi. Yarışda onlarla mübarizə apara bilməsəm də, onlarla eyni trası bölüşmək və onların tərifini qazanmaq gözəl idi”.

 

Rauf Hacıyev

Şərh əlavə et