Xəbəri Kokpitdə Oxuyun!

Ekklstoun Massanın qərarını dəstəkləyir

Berni Ekklstoun Felipe Massanın FİA, FOM və özünü məhkəməyə vermək qərarını haqlı hesab edib.

Kokpit.az bildirir ki, Formula 1-in keçmiş rəhbəri braziliyalı sabiq sürücünün London məhkəməsində ədalətə nail olmaq üçün hər cür şansının olduğunu hesab edir.

Berni Ekklstoun: “Əgər o, məndən soruşsaydı, cavab verərdim ki, məhkəməyə vermək qərarı düzgündür. Nəyin doğru, nəyin yanlış olduğuna ingilis hakimlər qərar versin. Nəticənin necə olacağı haqda heç nə deyə bilmərəm. Amma İngiltərə məhkəməsi qərar çıxarsa, Massa üçün daha yaxşıdır. Bu, onun üçün mühüm dəstək olacaq”.

FİA və FOM məsələyə hələ münasibət bildirməyib. Xatırladaq ki, Felipe 2008-ci ildə 1 xal fərqlə itirdiyi çempionluğun ona verilməsini tələb edir. Bunun üçün də həmin il baş tutan qalmaqallı Sinqapur yarışını əsas göstərir.

Həmin yarışda Renault Nelson Pikeyə qəsdən qəza etməyi tapşırmış, yaranmış vəziyyət komandanın digər sürücüsü Fernando Alonso üçün qələbə qazanmağa ideal şans yaratmış və ispan sürücü də bundan istifadə edərək komandaya zəfər gətirmişdi. Qeyd edək ki, həmin yarışda mövsümü titulla başa vurmuş Lyuis Həmilton 3-cü, Massa isə 13-cü olmuşdu…

İlqar Həsənli

Şərh əlavə et