Xəbəri Kokpitdə Oxuyun!

Oliver Birman – debüt yarışında xal qazanmış ən gənc sürücü

Dünən Ciddə yarışında bəzi maraqlı məqamlar oldu. Düzdür, yarış çox darıxdırıcı keçdi. Amma bəzi hadisələr oldu ki, bunlar gələcəkdə həmişə xatırlanacaq.

Maks Ferstappen yarışa pouldan başladı və Strollun qəzasına görə trada təhlükəszilik maşını girməsə, niderlandlı sürücü böyük ehtimalla burada da Bəhreyndə olduğu kimi Böyük Dəbilqə edəcəkdi. Lakin yarışın ilk dövrələrində Strollun qəzasına görə ilk onluqda Norris və Həmiltondan başqa bütün sürücülər pitə gəldilər. Belə olan halda isə Maks Böyük Dəbilqə etmək fürsətini qaçırdı. Buna baxmayaraq, Maks Fertappen 100-cü podiumunu əldə edərək, Həmilton, Şumaxer, Fettel, Prost, Alonso və Rəykkönendən sonra yüzlər klubuna girdi. 26 yaşlı sürücü bu mövsüm bütün yarışlarda podium qazansa, üçüncü yerdəki Sebastyan Fettellə eyni saya çatacaq.

Lakin Ciddədə gözlər əsas Ferrari-nin boksunda idi. Karlos Saynsın qəfil xəstələnməsindən sonra onu Ferrari Sürücü Akademiyasının yetirməsi Oliver Birman əvəz etdi. Lakin gənc britaniyalı 4-cü gün SF-24-ü sürməmişdi. bolidlə ilk tanışlığı cümə günü üçüncü sərbəst yürüşlərdə oldu. Sıralanma turunda isə çox az fərqlə üçüncü sessiyanı qaçıraraq, 11-ci oldu.

Bu hal Ferrari üçün ciddi zərbə ola bilərdi, çünki “qırmızılar” güclü olduqları həftəsonunda qızıl dəyərində xallar itirə bilərdilər. Lakin Oliver Birman özünü yaxşı tərəfdən göstərə bildi.

Ferrari tarixinin ən gənc sürücüsü olan 18 yaşlı Birman 11-ci başladığı yarışı 7-ci yerdə başa vurdu. Özü də yerlisi və yeddiqat Dünya Çempionu Lyuis Həmiltonun önündə… Məncə, bir Formula 1 pilotu üçün bundan gözəl debüt ola bilməzdi.

Oliver bununla da Formula 1 tarixinin xal qazanan ən gənc üçüncü – Maks Ferstappen və Ləns Strolldan sonra – sürücüsü oldu. Bundan başqa Olli debüt yarışında xal qazanan ən gənc sürücü statusunu əlinə keçirdi. Beləliklə, Ciddənin küçələri Formula 1-də tarixi iki ana şahidlik etdi.

Növbəti yarış iki həftə sonra Avstraliyadadır. Karlos Saynsın o yarışa qədər hazır olub-olmayacağı hələ məlum deyil. Yəni ki, Oliver Birmanın özünü tam göstərməyə bir fürsəti ola bilər. Gözləyək və görək nə olur…

Rauf Hacıyev

Şərh əlavə et