Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen Ciddədəki poul orucunu pozub

Artıq xəbər verdiyimiz kimi, Ciddədə maraqlı dəyişiklik olub – əməliyyat olunacaq Karlos Saynsı komandanın ehtiyat sürücüsü Oliver Berman əvəzləyib.

Kokpit.az xatırladır ki, ilk və son məşqlərdə Maks Ferstappen, ikinci məşqlərdə isə Fernando Alonso lider olub. Bugünkü sərbəst yürüşlərdə ciddi qəza edən Çjounun maşınını yalnız təsnifat mərhələsinin ilk sessiyasının son 1 dəqiqəsinə çatdırmaq mümkün olub. Çinli sürücü nəticə göstərə bilməsə də, stüardlar onu yarışın startına buraxmağa qərar veriblər.

Pirelli bura populyar üçlüyü – C2, C3 və C4 təkərlərini gətirib.

İlki Sessiyada Mercedes sürücüləri Medium, qalanları isə Soft təkərlərlə mübarizəyə başlayıblar. Sonra onlar da ən yumşaq təkərlərə keçiblər. Hülkenberq Sarcentin ona mane olmasından narazı qalıb. Piastri maneəyə toxunub. 1:28.171-lik nəticə göstərən Maks protokollarda birinci olub. Dövrə vura bilməyən Çjou ilə yanaşı, Sarcent, Okon, Qasli və Bottas üçün təsnifat mərhələsi yekunlaşıb.

İkinci sessiyada hamı ən yumşaq təkərlərlə trasa üz tutub. Bir çoxları qarşısındakı sürücünün hava kisəsinsə qalaraq üstünlük əldə etməyə çalışıb. Hülkenberq mühərrik güc itirdiyi üçün maşını 8-ci döngədə saxlayıb və sessiya qırmızı bayraqlarla dayandırılıb. Maşın tez təxliyə edilib və fasilə cəmi bir neçə dəqiqə davam edib. Ferstappenə bu dəfə də lider olmaq üçün 1:28.078-lik nəticə kifayət edib. Hülkenberq, Rikkardo, Maqnussen, Elbon və Berman ilk onluğa düşə bilməyiblər.

Son sessiyada gözlənildiyi kimi, hamı Soft-ları seçib. Ferstappen ilk cəhddə çox böyük üstünlüyə sahib olub və sonra bu nəticəni heç kim üstələyə bilməyib – 1:27.472. Alonso rahat ikinci olacağı bir dövrə ilə gəlsə də, son sektorda itirdiyi vaxta görə yalnız dördüncü ola bilib.

Beləliklə, Maks Ferstappen mövsümdə ikinci, karyerasında 34-cü poulunu əldə edərək Cim Klark və Alen Prostu üstələyib, beşinci sıraya yüksəlib. Sabahkı yarışa onun yanından Şarl Lekler başlayacaq. İkinci cərgə isə Serxio Peres və Fernando Alonsonun olacaq.

Elçin Zodorov

Şərh əlavə et