1982 – Cənubi Afrika Qran Prisi. Boykotla başlayan unudulmaz mövsüm
1982-ci il ilin ilk yarışı olan Cənubi Afrika Qran Prisi sürücülərin protestləri ilə yadda qalmışdı. Səbəbi isə o dövrün super lisenziya qaydalarının sürücüləri komandalara təhkim etməsi idi. Niki Lauda da daxil olmaqla bütün sürücülər sərbəst yürüşlərdə trasa çıxmamışdılar. Ancaq təşkilatçılar qısa müddət ərzində bu problemi həll etmiş və sürücüləri yarışmağa razı sala bilmişdilər. Beləliklə, cənubi afrikalı azarkeşlər Alen Prostun qalib gəldiyi gözəl yarış izləmişdilər. Ancaq bu yarışı izlərlən heç kim bilmirdi ki, 11 fərqli sürücünün qalib gəldiyi 1982-ci il mövsümü ən çox yadda qalan və müzakirə olunan mövsümlərdən biri olacaq…
1989 – Braziliya Qran Prisi – Naycel Mənsel-dən həmvətənlərinə şillə
1988-ci il mövsümü McLaren komandasının hegemonluğu ilə keçmişdi. Britaniya komandası 16 yarışın 15-də rahatlıqla qalib gəlmişdi. Buna görə də 1989-cu ilin ilk yarışında Alen Prost və Ayrton Senna aşkar favorit idilər. Prost Braziliyada 6-cı qələbəsini qazanmaq istədiyi halda, Senna öz vətənində siftə etmək istəyirdi. Lakin Naycel Mənsel gözlənilmədən qələbə qazanaraq, ən böyük sürprizi etdi. Amma sonrakı yarışlar “Britaniya aslanı” ləqəbli sürücü üçün yaxşı keçmədi…
1990 – ABŞ Qran Prisi. Alezi Sennanın işini çətinləşdirir.
ABŞ-da gözəl yarışlar çox olsa da, karyerasının ilk illərini keçirən Jan Alezinin əfsanəvi Ayrton Sennaya sözün əsl mənasında toy tutduğu yarış digərlərindən fərqlənir. Braziliyalı sürücü liderliyə yüksələndə onunla mübarizə aparmaq heç də asan olmurdu. Amma fransalı sürücü finişə qədər Sennanın güzgülərindən əlçəkməyərək, ona unudulmaz gün yaşatmışdı. Əksəriyyət bu yarışdan sonra Alezidən gələcəkdə çempionluqlar gözləsə də, karyerası ərzində səhv seçimlər etdi və cəmi 1 yarış qazanaraq karyerasını bitirdi…
1996 – Avstraliya Qran Prisi. Debütant son anda qələbədən olur
Çox az sürücü karyerasına Jak Vilnöv kimi başlaya bilib. Əfsanəvi Jil Vilnövün oğlu 1995-ci ildə İndyCar-da Dünya Çempionu olduqdan sonra 1996-cı ildə Formula1-də debüt etmiş və ilk sıralanma turunda poul qazanmışdı. Kanadalı sürücü yarışda mükəmməl performans göstərsə də, komanda yoldaşı Deymon Hill-dən sonra ikinci oldu.
1998 – Avstraliya Qran Prisi. McLaren qan edir
1998-ci il mövsümü Mika Həkkinen və Mixael Şumaxer mübarizəsinin başlanğıcıdır. Lakin finlandiyalı sürücü mövsümə rəqibinə gözdağı verərək başlamışdı. İlk yarışda aktiv asılqan sistemindən istifadə edən iki McLaren sürücüsünü 3-cü yerdəki Haynts Harald Frentsendən 1 dövrə ayırırdı. Lakin britaniyalı komandaya bu üstünlüyü gətirən aktiv asılqan sistemi sürücülərə yardım etdiyi üçün sonrakı yarışlarda FİA tərəfindən yasaqlandı.
1999 – Avstraliya Qran Prisi. Eddi İrvayn siftə edir.
Mika Həkkinen 1998-ci ildə Dünya Çempionu titulunu qazandıqdan sonra 1999-cu ildə də əsas favorit kimi göstərilirdi. Lakin McLaren MP4-14 çox sürətli olduğu kimi çox etibarsız idi. Elə ilk yarışda həm Həkkinen, həm də Kulthard mübarizəni dayandırdı. Mixael Şumaxer isə sükanda problem yaşayaraq, gerilərə düşdü. Beləliklə, Eddi İrvayn qüsursuz performans göstərərək, Formula1-in 50-ci mövsümünün açılış yarışını qazandı. Bu qələbə britaniyalı sürücü üçün ilk idi.
2002 – Avstraliya Qran Prisi. Tampaketli yarış
2002-ci ilin açılış yarışı olan Avstraliyada hər şey – startda qəza, liderlik uğrunda mübarizə, bir sürücünün karyerasındakı ilk podium, debütantın xal qazanması və ən əsası da 14 maşının mübarizəni dayandırması – var idi.
Elə startda əsas iki favorit olan Rubens Barrikello və Ralf Şumaxer Formula1 tarixinə düşən bir qəza ilə mübarizəni dayandırdılar. Onlardan başqa daha 6 sürücü qəzaya görə bolidini tərk etməli oldu. Yarışın ilk dövrələrində isə Mixael Şumaxer və Xuan Pablo Montoya liderlik uğrunda amansız mübarizə aparsalar da, almaniyalı əfsanə rəqibini geridə qoyaraq, finişə hamıdan tez çata bildi. 3-cü yeri tutan Kimi Rəykkönen karyerasındakı ilk podiumu qazandığı halda, autsayder sayılan Minardi ilə öz publikası önündə debüt edən Mark Uebber 5-ci olaraq karyerasının ilk xallarını aldı. Avstraliyalı sürücü yarışdan sonra qazandığı iki xalı uzun müddət qeyd etmişdi.
2007 – Avstraliya Qran Prisi. Bir tarixin sonu, yeni bir tarixin başlanğıcı.
2007-ci il mövsümü F1 fanları üçün böyük əskikliklə başlamışdı. Mixael Şumaxer 2006-cı ilin sonunda karyerasını bitirmişdi. 2007-ci il mövsümündə isə Lyuis Həmilton debüt edirdi. Britaniyalı sürücü debüt yarışında Kimi Rəykkönen və Fernando Alonsodan sonra 3-cü olaraq ilk yarışında podiuma yüksəldi. Lakin əksəriyyət bilmirdi ki, qaradərili sürücü bir neçə ildən sonra Şumaxerə aid bəzi rekordları qıracaq…
Kimi Rəykkönen isə Ferrari-də Şumaxeri əvəzlədikdən sonra yeni komandasındakı debüt yarışında qələbə qazanaraq, tiffozilərin rahat nəfəs almalarına şərait yaratmışdı.
Şərh əlavə et