Xəbəri Kokpitdə Oxuyun!

Karlos Sayns testlərin ikinci günündə zirvədədir

Qış testlərinin ikinci günündə ən sürətli sürücü Karlos Sayns olub.

Kokpit.az bildirir ki, testlərin ikinci günü ilk günə nisbətən daha hadisəli olub. Sessiyanın əvvəlində Lekler liderliyə yüksəlib və səhər sessiyası tez bitirildiyi üçün monakolu sürücü nahara 1.31.750 zaman nəticəsi ilə birinci yerdə yollanıb. Sessiyanın erkən bitməsinin səbəbi isə 11-ci döngədəki porebriklər olub. O porebrikin üstündə əvvəlvə Lekler keçib və onu yerindən tərpədib. Həmilton oradan keçərkən isə porebrik tamamilə qopub. Lekler növbəti dövrə oradan keçərkən porebrik maşının altında qalıb və altlığı zədələyib.

Hadisənin baş verdiyi hissə yoxlanıldıqdan sonra bildirilib ki, problem tam həll olunmayana qədər sessiya başlamayacaq. Beləliklə səhər sessiyası vaxtından əvvəl bitib. Buna görə də sürücülər nahardan bir saat tez qayıtmalı olublar. Buna görə də trasda 4 saat yox, 5 saat işləyiblər.

Nahardan sonra Ferrari-nin sükanı arxasına Karlos Sayns keçib və ən yumşaq dəst olan C4 ilə ardıcıl sürətli dövrələr vuraraq, liderliyə yüksəlib. İspaniyalı sürücünün 1.29.921 zaman nəticəsini sessiyanın sonuna qədər keçən olmayıb.

Serxio Peres isə səhər əyləc problemi yaşadığı üçün sadəcə 20 dövrə vura bilib. Nahardan sonra isə çoxlu dövrələr vurub və günü Saynsdan 0.758 saniyə geridə ikinci yerdə bağlayıb.

Bütün gün ərzində W15-in sükanı arxasında olan Lyuis Həmilton isə Saynsdan 1.1 saniyə geridə qalaraq, 3-cü olub. Britaniyalı sürücü gün ərzində 123 dövrə tamamlayıb və yeni maşınla uzun məsafə qət edib.

McLaren də günü problem yaşamadan bitirib. Nahardan sonra maşına oturan Lando Norris 52 dövrə tamamlayıb və günü 4-cü yerdə bitirib.

Daniel Rikkardo isə dünən olduğu kimi yenə də güclü performans göstərib və beşliyi tamamlayıb. Səhər sessiyasını birinci yerdə bitirən Şarl Lekler isə rəqiblərinin sürətlənməsi ilə altıncı yerə razılaşıb. Ləns Stroll, Esteban Okon, Valtteri Bottas və Oskar Piastri isə onluğu tamamlayıblar.

Loqan Sarcent isə dünən olduğu kimi bu gün də problemlərlə üzləşib və yenə də günü vaxtından əvvəl bağlayıb. Buna baxmayaraq amerikalı sürücü protokollarda 11-ci yerdə qərarlaşıb. Onu Fernando Alonso, Quanyu Çjou və Kevin Maqnussen izləyiblər. Son iki yeri isə Niko Hülkenberq və Yuki Tsunoda tutublar.

Testlərin son günü sabah Bakı vaxtı ilə saat 11-də başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et