Kokpit.az xatırladır ki, Ferrari komandası 2025-ci ildə Karlos Saynsın əvəzinə Lyuis Həmiltonu gətirəcək. Bu həmlə bütün Formula 1 dünyasını təəccübləndiribdir.
Karlos Sayns: “Formula 1 Dünyasındakı hamı kimi mən də bu xəbərə təəccübləndim. Məncə, hamı təəccüblənmişdi. Mən xəbəri hamıdan bir az əvvəl öyrənmişdim. Ancaq düşünmək, hazırlanmaq və maşının təqdimatına, mövsümün ilk yarışına hazırlanmaq üçün bir neçə həftəm var. Yəni ki, 2024-cü ilə köklənmək üçün bir az vaxtımız var. Amma bunun Formula 1 dünyası və mənim üçün sürpriz olduğu reallıqdır”.
Karlos Sayns əlavə edib ki, gələcəyi ilə bağlı qərar verməyə tələsmir: “Düzdür, gələcəyimi ilk yarışdan əvvəl dəqiqləşdirmək istəsəm də, bu ssenaridən sonra işlər dəyişdi. Buna görə də prosesin daha uzun olacağını düşünürəm. Önümdə karyeramın ən uzun 3 ya da 4 ili olacaq. Doğru zamanda doğru yerə gedəcəyimə əmin olmalıyam.
Buna görə də düşünmək üçün vaxt ayıracam, bütün alternativləri dəyərləndirəcəm və qərar vermək üçün gözləyəcəm. Beləliklə tələsmədiyim üçün özümü rahat hiss edəcəm. Bu işlə menecerlərim maraqlanacaqlar. Mən isə yarışlara köklənəcəm. Mövsümə bacardığım qədər yaxşı başlayacağam və var qüvvəmlə yarışacağam. Digər məsələlər isə vaxt keçdikcə həll olunacaq”.
Şərh əlavə et