Kokpit.az bildirir ki, Aston MArtin yeni maşınını Silverstounda yerləşən bazasında təqdim edib. Bolid yenə də ingilis yaşılı rəngindədir, amma çəkiyə qənaət etmək üçün bolidin əksər hissəsi rənglənməyib və karbon formasında saxlanılıb. Britaniyalılar bu maşınla yenidən podium uğrunda mübarizəyə qayıtmaq istəyirlər. Qışda əksər komandalarda şokedici xəbərlər olduğu halda, Aston Martin sakit qış tətili keçirib. Komanda heyətini qoruya bilib.
Aston Martin keçən mövsümə yaxşı başlamış və Red Bull-a rəqib olmuşdu. Lakin mövsüm ərzində inkişaf etməkd ə çətinlik çəkmiş və geridə qalmışdı. Buna baxmayaraq komanda problemlərin harada olduğunu bilir və 2024-cü ilə böyük ümidlərlə hazırlaşır.
Komandanın rəhbəri Mayk Krak: 2023-cü il ən yaxşı mövsümümüz idi. Bu il də əsas hədəfimiz davamlı xallar, podiumlar qazanmaq və ilk qələbəmizi əldə etməkdir”.
Aston Martin verdiyi açıqlamada bildirib ki, AMR24 sələfinə nisbətən daha yüngül və aerodinamik cəhətdən daha yaxşı olacaq. Bundan başqa bolid artıq əksər traslarda daha yaxşı performans göstərəcək.
Komandanın texniki direktoru Den Fellovs: “Reqlament stabil olduqda bolidi təkmilləşdirmək üçün fürsətimiz olur. AMR24 keçənilki maşının güclü versiyası olacaq və inkişaf üçün yaxşı təməli var. Şassidən başqa bolidin burnu, ön və arxa asılqanları yeniləndi. Bu il inkişafda da rəqabətədavamlı olmaq istəyirik və bu maşın bunun üçün yığılıb. Bundan başqa maşın əksər traslarda daha yaxşı işləyəcək və hərtərəfli olacaq. Biz hərtərəfli yarış maşını istəyirik. İnanırıq ki, AMR24 mövsüm ərzində yaxşı inkişaf edəcək”.
Komanda təkcə bu nöqtəyə köklənməyib. Ön qanad hava axımını yaxşılaşdırmaq üçün dəyişdirilib. Bundan başqa altlıq, şassi, saydpodlar da asfaltayatma qüvvəsini artırmaq üçün dəyişdirilib. “Yaşıllar” bu il həm öndə, həm də arxada push-rod asılqanlardan istifadə edəcək.
Den Fellovs: “Altlıq maşında asfaltayatma qüvvəsini artıran detaldır. Bunu yaxşı düzəltsək, 2024-cü ildəki uğurumuz üçün vacib olacaq. Bolidin asılqanlarında da vacib işlər gördük. Ön tərəf ön qanadla daha yaxşı işləyəcək. Arxa tərəfdə də vəziyyyəti yaxşılaşdırmaq üçün aero cəhətdən işlər görülüb”.
Aston Martin yeni mövsümdə əsas qüvvələrni qoruya bilib. “Yaşıllar” bu il də Fernando Alonso və Ləns Stroll ilə yarışacaq. Yeni maşının təqdimatından sonra AMR24-ün Silverstounda trasa çıxarılması və 200 kilometrlik reklam çəkilişi edəcəyi gözlənilir. Bu testdə iki sürücü də iştirak edəcək.
Şərh əlavə et