Xəbəri Kokpitdə Oxuyun!

Alpine yeni A524-ü tanıdıb

Son bir ildə Alpine-da komanda rəhbərliyindən mühəndislərə qədər demək olar ki, hər şey dəyişilib. Builki maşın da tamamilə yeni komanda tərəfindən hazırlanıb. Dəyişilməyən tək şey sürücülərdir.

Kokpit.az bildirir ki, Alpine təkcə yeni Formula 1 bolidini deyil, həm də yeni WEC bolidini nümayiş etdirərək, onların hər ikisinin real olduğunu və keçənilki şassidəki yeni liveriya olmadığını vurğulayıb. Mərasim uzun çəkib – komanda Sky Sport F1 jurnalistlərinin köməyi ilə bunu sosial şəbəkələrdə yayımlayıb.

WEC-in F1-ə ən yaxın seriya olduğunu deyən komanda rəhbərliyi bu səbəblə Mercedes-in ehtiyat pilotu Mixael Şumaxeri proqrama dəvət etdiklərini açıqlayıblar. Alman sürücünün iştirakı ilə A424 hiperkarı və komandanın WEC-dəki proqramı barədə məlumat verilib. Sonra isə Formula 1-ə keçilib.

Mərasimi Alpine Motorsport şirkətinin rəhbəri Bruno Famen açaraq idman proqramının şirkət üçün əhəmiyyətindən, hibrid güc qurğuları üçün texnologiyaların hazırlanmasından və yol avtomobillərinin dizaynında yarış texnologiyalarından istifadənin digər aspektlərindən danışıb.

Bruno Famen, Alpine-nin avtoidman üzrə vitse-prezidenti və BWT Alpine F1 Komandasının Direktoru: “Bu gün 2024-cü il mövsümü üçün proqramlarımızı rəsmi təqdim etmək üçün buraya toplaşan Alpine Motorsport üçün əla gündür. Həm A524 Formula 1 avtomobilinin, həm də A424 hiperkarının bütün sürücülərlə eyni zalda olması, şübhəsiz ki, unikal bir məqamdır, çünki hər iki layihənin iştirakçıları gərgin 2024 mövsümünə hazırlaşır.

Bu gün burada iki real 2024 avtomobilini görməyimiz Böyük Britaniya və Fransadakı minlərlə istedadlı əməkdaşımızın çəkdiyi zəhmətin sübutudur. Növbəti mərhələ bu avtomobillərin trasda imkanlarının reallaşdırılması olacaq. Biz hamımız Alpine brendinə uğur gətirmək üçün çox çalışmaqda davam etməyi səbirsizliklə gözləyirik”.

Keçən il olduğu kimi, maşın böyük BWT loqoları və çəhrayı tonlarla daha təvazökar rənglənmiş iki liveriya təqdim olunub. Çəhrayı liveriya 8 yarışda istifadə olunacaq, komandanın rəng çalarları ilə rənglənmiş maşın isə 16 yarışa çıxacaq.

Esteban Okon: “Yeni mövsümün başlamasına görə çox həyəcanlıyam və sükan arxasına keçib trasa çıxmağı səbirsizliklə gözləyirəm. İlin bu vaxtı xüsusilə həyəcanlı olur, çünki indi biz komandanın nəyə nail olduğunu görürük. Mən şəkilləri gördüm, simulyatorda işlədim, amma əsl avtomobili sınamadım. Bunun üçün hələ gözləməli olacağıq.

Komanda üçün təqdimat minlərlə saatlıq zəhmətin kulminasiya nöqtəsidir, lakin sürücü üçün ən vacib məqam onun pit-leyndən çıxarkən qaz pedalına basmasıdır. Bu, tezliklə baş verəcək”.

Pyer Qasli: “Deməliyəm ki, indi özümü 12 ay əvvəlkindən daha rahat hiss edirəm. Komandada hər kəsi yaxşı tanıyıram, bütün prosesləri bilirəm, özümdən və ətrafımdan ən yaxşısını necə əldə etməyi başa düşürəm.

Bu təcrübənin arxada qalması və keçən il yaradılmış təməl üzərində qurulması çox xoşdur. Komandada özümü inamlı hiss edirəm. Keçən il çox şey öyrəndik. Mövsümə dərhal yaxşı formada başlaya biləcəyimə və komandanın potensialını maksimum dərəcədə artıra biləcəyimə əminəm”.

Elçin Zodorov

Şərh əlavə et