Kokpit.az xəbər verir ki, iclasda bir sıra məsələlərə baxılıb, bunlarla yanaşı, 2024-cü ildə qüvvəyə minəcək sprintli yarış həftəsonunun yeni formatı təsdiq edilib.
Yeni format belədir: Cümə günü həftəsonunun yeganə məşq sessiyası və sprint yarışnın sıralama turu keçiriləcək. Şənbə günü əvvəlcə sprint mübarizəsi, daha sonra isə əsas yarışın sıralanma turu baş tutmalıdır. Bazar günü isə əsas yarış olacaq. Bu dəyişikliklər hələ fevralın 28-də FIA Dünya Şurasının iclasında rəsmi şəkildə təsdiqlənməlidir.
Keçənilki formatla dərq odur ki, əsas yarışın sıralanma turu cümə günündən şənbə gününə keçirilib.
Komissiyanın iclasında Texniki və İdman Əsasnaməsinə də dəyişikliklər edilib. 2024 və 2025-ci illərdə bir sürücü üçün mövsüm ərzində icazə verilən güc qurğularının sayının dördə çatdırılması təklifi təsdiq edilib.
DRS ilə bağlı dəyişiklik isə ondan ibarətdir ki, artıq onu startdan və ya Təhlükəsizlik Maşını trası tərk etdikdən 2 dövrə yox, 1 dövrə sonra işə salmaq mümkün olacaq.
Bundan əlavə, Formula 1 Komissiyası 2026-cı il qaydaları ilə bağlı bir sıra mövzuları, xüsusilə maliyyə məsələləri və davamlılıq məsələlərini müzakirə edib. 2024-cü il üçün Texniki, İdman və Maliyyə Qaydalarına digər kiçik düzəlişlər təsdiq edilib.
Şərh əlavə et