Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton sakitliyini pozub

Gələn il Ferrari-yə keçməyə hazırlaşan Lyuis Həmilton sakitliyini pozub və bildirib ki, Ferrari-də çıxış etmək uşaqlıq xəyalı olub.

Kokpit.az xatırladır ki, yeddiqat Dünya Çempionu ilin sonunda Mercedes-dən ayrılacaq və gələn ildən etibarən Ferrari-də çıxış edəcək. Bu keçid Formula 1 dünyasında şok yaradıb.

Lakin Lyuis Həmilton İnstagram üzərindən öz hisslərini belə bölüşüb: “Müxtəlif emosiyalarla dolu olan bir neçə dəlisov gün keçirdim. Ancaq bildiyiniz kimi Mercedes komandasında keçirdiyim 11 ildən sonra yeni səhifə açmağın vaxtı gəldi. Ferrari komandasına qatılacağam.

Mercedes ilə uşaq olanda xəyal etdiyim uğurları qazandım. İndi isə başqa uşaqlıq xəyalımı reallaşdırmaq şansına sahibəm və özümü bəxtəvər hiss edirəm – Ferrari qırmızısında yarışmaq…

Mercedes 13 yaşımdan bəri həyatımın böyük bir hissəsi olub. Buna görə də bu qərarı vermək çətin oldu. Bir yerdə qazandığımız uğurlara görə qürur duyuram. İllər ərzində birlikdə işlədiyim insanların əziyyətinə görə, Totonun dostluğuna, rəhbərliyinə və liderliyinə görə minnətdaram. Bir yerdə çempionluqlar qazandıq, rekordlar qırdıq və Formula 1 tarixinin ən uğurlu sürücü-komanda tandemi olduq. Təbii ki, həmişə mənə dəstək olan və hələ də darıxdığım Niki Laudanı unuda bilmərəm.

Bundan başqa 26 ərzində məni dəstəklədikləri üçün Mercedes komandasının idarə hetinə, Almaniyada və dünyanın hər tərəfində işləyən şirkət işçilərinə minnətdaram.

Ancaq dəyişiklik etməyin və yeni mübarizəyə atılmağın vaxtıdır. Mercedes-ə 2013-cü ildə gələndə müəmmalı halda idim. O vaxt bəzi insanlar bunu anlamamışdı. Lakin bu həmləni etməkdə haqlı idim və indi də eyni hissləri yaşayıram. Bir yerdə nələr edəcəyimi görmək üçün həyəcanlanıram.

Hazırda 2025-ci il barədə düşünmürəm. Əsas hədəfim bu mövsümdür və Mercedes-lə çıxış etməkdir. Həmişəkindən əzmli, formada və işimə fokuslanmış haldayam. Növbəti dəfə Mercedes-in qalib olması üçün kömək etmək istəyirəm. Gördüyüm işə tam potensialımla bağlıyam və komandadakı çıxışımı yüksək səviyyədə bitirməyə qərarlıyam.

Bu işdə mənimlə birlikdə olan hamıya təşəkkür edirəm. Xəyallarımın ardınca gedəndə hamınız məni dəstəklədiniz. Ümid edirəm ki, sizi qürurlandırmağa davam edə bilərəm. Həmişəki kimi bütün sevgilərimi və pozitiv enerjimi sizə göndərirəm”.

Rauf Hacıyev

Şərh əlavə et