Kokpit.az xəbər verir ki, komanda yeddiqat dünya çempionu ilə bu ilin sonunda əməkdaşlığın başa çatacağını açıqlayıb. Britaniyalı sürücü keçən avqustda imzaladığı müqavilədə qarşıdakı mövsümdən sonra komandanı tərk etməyə imkan verən opsiyadan istifadə edib.
Toto Volff: “Sürücü-komanda tandemi baxımından qiymətləndirsək, Lyuislə münasibətimiz avtoidmanda ən uğurlu olub və bununla fəxr edə bilərik. Lyuis həmişə Mercedes-in idman tarixinin mühüm bir hissəsi olacaq, lakin biz bilirdik ki, nə vaxtsa bu tərəfdaşlıq təbii olaraq sonlanacaq və o gün gəlib çatdı.
Biz Lyuisin yeni bir macəra axtarmaq qərarını qəbul edirik və gələcək üçün əlimizdəki fürsətlər həyəcan vericidir. Ancaq qarşıda bizi daha bir mövsüm gözləyir və biz 2024-cü ildə əlimizdən gələni etməyə cəmləşmişik”.
Lyuis Həmilton: “Mersedes-də heyrətamiz 11 il keçirmişəm və birlikdə əldə etdiklərimizlə fəxr edirəm. Mən Mercedes-də böyümüşəm, ona görə də ayrılmaq qərarı həyatımın ən çətin qərarlarından biri idi. Ancaq bu addımı atmağın vaxtı gəldi və mən yeni mübarizəyə qoşulacağımdan məmnunam.
Mən Mercedes-ə, Totoya dostluğuna və liderliyinə görə, inanılmaz dəstəyə görə həmişə minnətdar olacağam və bu böyük dövrü yüksək səviyyədə bitirmək istəyirəm. Mən 100% diqqətimi bu mövsüm ən yaxşı nəticələri göstərməyə və “Gümüş Oxlar” ilə son ilimi yaddaqalan etməyə cəmləmişəm”.
Həmiltonun gələcək planları rəsmən təsdiqlənməyib, lakin 2025-ci ildə onun Ferrari-yə keçəcəyi və burada Şarl Leklerin tərəfdaşı olacağı gözlənilir.
Deyilənlərə görə, onun Ferrari-yə keçidi bu həftənin sonuna qədər elan edilməlidir…
Şərh əlavə et