Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Madrid 2026-cı ildə Formula 1-i qəbul edəcək

Formula1 üzrə İspaniya Qran Prisi onillik müqavilə ilə Madridə keçəcək və Barselona təqvimdə qalmaq üçün mübarizə aparacaq.

Kokpit.az bu barədə daha əvvəl xəbər vermişdi. Bu gün isə Formula1 və tədbirin təşkilatçıları olan İFEMA 2026-cı ildən etibarən Madridin Formula1-i qəbul edəcəyini ictimaiyyətə bildirib.

Madrid yarışı da şəhər tipli trasda baş tutacaq. İFEMA son zamanlar bu barədə ciddi danışırdı. De Los Mozos bu barədə belə danışmışdı: “Müqaviləni nə zaman imzalayacağımızı və layihəni nə vaxt qazanacağımızı bilirəm. Bizə verilən prosesləri yerinə yetirdik. İspaniya Avtomobil Federasiyası da məlumatlandırılıb. Müqavilə imzalandı”.

Müqavilə artıq bağlanıb və ilk Madrid Qran Prisi 2026-cı ildə baş tutacaq. Elə həmin il Barselona trasının da təqvimdəki son ili olacaq. Kataloniya uzun illərdir ki, təqvimdədir. Lakin Madridin təqvimə daxil olması ilə işlər dəyişəcək. Belə olan halda 2026-cı ildə Barselonadakı yarışın adı Kataloniya Qran Prisi, Madriddəki yarışın adı isə İspaniya Qran Prisi olacaq. İndi isə azarkeşləri bir sual maraqlandırır: Kataloniya trası Formula 1 ilə yeni müqavilə bağlayacaq?

Madrid trasına gəldikdə isə təşkilatçılar düşünür ki, yarış həftəsonunda həmin bölgə üçün 500 milyon avroluq gəlir olacaq. Bu isə çox yaxşı gəlirdir.

Rauf Hacıyev

Şərh əlavə et