Xəbəri Kokpitdə Oxuyun!

Ferrari mövsümiçi testlərin qaytarılmasının əleyhinədir

Ferrari-nin baş məşqçisi Frederik Vasyör komandanın mövsüm ərzində özəl testlərin qaytarılmasına qarşı olduğunu söyləyib.

Kokpit.az bildirir ki, Scuderia patronu məhdudiyyətsiz testlərin rəqiblərlə eyni səviyyədə qalmağa təsir göstərdiyini etiraf etsə də, qadağanın götürülməsi xərclərin azaldılması ideyasına ziddir və təqvimdə əlavə seanslar üçün sadəcə yer yoxdur.

Frederik Vasyör: “Mövcud büdcə məhdudiyyətləri altında yenidən sınaqlara başlamaq çox çətindir, çünki qiymətlər inanılmaz dərəcədə yüksəkdir. Mövsüm ərzində yenidən sınaqlara başlasaq, iki dəfə çox mühərrik istehsal etməli olacağıq, çünki bir sınaq günündə yarış həftəsonu məsafəsini qət edirik. Əgər il ərzində 20 sınaq günü keçirsək, o zaman bütün mövsüm üçün lazım olan qədər ehtiyat hissələrə ehtiyac yaranar.

2023-cü ildə testlərin olmaması səbəbindən liderlərə yaxınlaşmaq bizim üçün həqiqətən çətin idi. Lakin problemlər təkcə bundan ibarət deyil, həm də simulyator, külək tuneli və real tras arasında məlumatların korrelyasiyası ilə bağlı idi. Büdcə məhdudiyyətlərini nəzərə alaraq, mövsüm ərzində tam sınaqlara qayıtmaq mümkün deyil. Biz bir və ya iki test seansı etməyi müzakirə edə bilərik, lakin unutmayın ki, Pirelli ilə sınaq üçün çoxlu günlər keçiririk.

Mövsümün təqviminə baxsanız, təkcə yarışları deyil, həm də üç-dörd Pirelli test sessiyasını görəcəksiniz. Təkər testləri üçün günlər tapmağa çalışanda anlayırıq ki, artıq çox gərgin iş qrafikimiz var”.

 

Elçin Zodorov

Şərh əlavə et