Kokpit.az xatırladır ki, Haas komandası 2024-cü ilin əvvəlində heç kimin gözləmədiyi halda Günter Ştaynerlə yollarını ayırıb. Onu komandanın baş mühəndisi Ayao Komatsu əvəz edəcək.
Lourens Barretto təhlilinə Kovid pandemiyasının və Rusiya-Ukrayna müharibəsinin komandanı pis vəzityyətdə qoyduğu vaxtlarda Haas-ı həyatda saxlamaq üçün çox şey etdiyini deyərək başlayır.
Barrettonun təhlilinə görə Ştaynerin ayrılmasında əsas səbəb Haas-ın tarixindəki ən pis ikinci mövsümü keçirməsi və 12 xalla 10-cu yeri tutmasıdır. Komanda buna görə 20 milyon dollar gəlirdən olub.
Haas komandası maliyyə cəhətdən zəif olduğu üçün illik 135 milyon dollar büdcə limitinə yaxınlaşa bilmir və bundan əlavə bu il də 20 milyon dollarlıq itki olacaq. Büdcə limitinə çatmaq üçün Cin Haas cibindən pul qoymalıdır, amma amerikalı rəhbər bunu etmədi ya da edə bilmədi.
Lourens Barretto bildirir ki, Haas-ın Ostinə gətirdiyi yenilik paketini Cin Haas öz cibindən ödəyib və bəzi resurslara görə bu ona 8 milyon dollara başa gəlib, amma nəticə onu məyus edib.
Xatırladaq ki, Niko Hülkenberq bu paketdən narazı qalmış və yenidən əvvəlki aero paketə qayıtmışdı. Bu hadisəyə görə komandanın sahibi Cin Haas çox əsəbiləşib və məyus olub.
Barrettonun fikrinə əsasən tərəflərin ayrılığındakı ən vacib faktor sərmayə mövzusunun müzakirə olunduğu qış toplantısındakı hadisələrdir.
Günter Ştaynerlə Cin Haas uzun illərdir yaxşı münasibətdə olublar və komandanın idarəsində Günterə sərbəstlik verilib. Lakin son dövrlərdə iki tərəf də bir-birləri ilə yola gedə bilməyiblər. Çətin keçən 2023-cü il mövsümündən sonra isə tərəflər ortaq məxrəcə gəlməkdə çətinlik çəkiblər. Belə görünür ki, Ştayner daha çox resurs və sərmayə gözləyirdi, amma onun bu təklifi qəbul edilməyib.
Buna baxmayaraq Barretto inanır ki, Günter Ştayner ralli və Formula1-dəki təcrübəsinə görə iş tapmaqda çətinlik çəkməyəcək.
Şərh əlavə et