Kokpit.az bildirir ki, 2026-cı ildə Formula1-də yeni eranın başlanğıcı olacaq və komandalar indidən gələcəklərini düşünürlər. Yeni era üçün əsas amillərdən biri güc qurğusudur. Daha əvvəl McLaren komandası Mercedes-lə olan güc qurğusu tərəfdaşlığını uzatmışdı. Williams komandası da onların izi ilə gedib və almaniyalı istehsalçı ilə 2030-cu ilə qədər müqavilə bağlayıb.
Williams komandasının rəhbəri Ceyms Vavls: “Mercedes ilə tərəfdaşlığımızı 2030-cu ilə qədər uzatmaq əla oldu. Hazırkı güc qurğusu ilə bağlı reqlament qəbul edildikdən sonra onlarla güclü münasibət qurmuşuq və bunu yeni erada davam etdirməyi səbirsizliklə gözləyirik. Gələcəkdəki güc qurğusu strategiyamıza sadiq qaldılar və onların dəstəkləri bizim üçün dəyərlidir. Yeni erada da onlarla güclü tərəfdaşlıq qurmağı səbirsizliklə gözləyirik”.
Mercedes Motorsport-un rəhbəri Toto Volff: “Williams tarixi olan Formula1 komandasıdır və 2014-cü ildə onlarla tərəfdaşlıq qurduqdan sonra möhtəşəm uğurlar qazandıq.
Hazırkı turbo hibrid erasında ən gözəl xatirələrimizdən biri 2014-cü ilin Avstriya yarışı idi. Orada biz və Williams yarışı ilk 4 yerdə bitirmişdik. Williams ilə iş formamız son 10 ildə daha da gücləndi və 2026-cı ildə başlayacaq yeni erada bu faydalı işbirliyini davam etdirmək üçün səbirsizlənirik”.
Qeyd edək ki, Williams komandası 2014-cü ildə başlamış turbo hibrid erasından bəri Mercedes mühərriklərindən istifadə edir. Tərəflər birlikdə 18 podium əldə ediblər. Birlikdə qazandıqları ən yaxşı nəticə isə 2014 və 2015-ci ildəki üçüncülüklər olub.
Şərh əlavə et