Şumi 1969-cu ilin yanvarın 3-də anadan olub. Uşaq vaxtdan avtoyarışlara yönələn Mixael aşağı seriyalarda bir neçə il keçirdikdən sonra 1991-ci ildə özü də gözləmədiyi halda Belçika Qran Prisi ilə Formula 1-də debüt edib.
İlk qələbəsini də cəmi 1 il sonra məhz Belçikada qazanıb. Ümumilikdə 19 mövsüm iştirak etdiyi F1-də 306 dəfə start alıb, 91 qələbə, 155 podium, 68 poul və 77 sürətli dövrə əldə edib. Son qələbəsini 2006-cı ildə Çində qazanıb, ikinci dəfə Mercedes ilə qayıtdığı F1-də son yarışı isə 2012-ci ildə baş tutan Braziliya Qran Prisinə təsadüf edib.
Öz dövründə saysız rekordlara imza atan Şumaxer 7 dəfə ilə ən çox çempion olmuş iki pilotdan biri, ən çox qələbə qazanan isə ikinci sürücüdür. Onun hələ də əlində saxladığı rekordlara ən çox ardıcıl titul qazanmasını (5), bir mövsümdəki bütün yarışlarda podiuma yüksəlməsini (2002), ardıcıl ən çox podiuma çıxmasını (19) və ən çox sürətli dövrə vuran sürücü olmasını misal göstərmək olar.
Təəssüf ki, Formula1-in ən populyar fiqurundan 10 ildir ki, heç bir xəbər yoxdur. 2013-cü ilin son günlərində Alp dağlarında xizək sürərkən yıxılaraq başından zədə aldığı və uzun müddətdir ki, evdə müalicə edildiyi bildirilir. Mixaelin ziyarətinə barmaqla sayıla biləcək sayda adam buraxılır ki, onlardan biri də Ferrari-də uğurlar əldə edərkən komandanın idarəçisi olan, sabiq FİA prezidenti Jan Todtdur…
Şərh əlavə et