Xəbəri Kokpitdə Oxuyun!

Sauber yeni adını rəsmən təqdim edib

Sabiq Alfa Romeo komandası yanvardan etibarən Stake F1 komandası adlanacaq. Komanda yeni loqotipini sosyal şəbəkələrdə təqdim edib.

Kokpit.az xatırladır ki, yeni ad əvvəlcə FİA-nın iştirakçı ərizəsində Stake F1 Team Kick Sauber olaraq açıqlanmışdı. Kick Sauber isə şassi adı olacaq. Ancaq İsveçrə təmsilçisi rəsmi olmayan yerlərdə qısa addan istifadə edəcək.

Xatırladaq ki, Audi Sauber komandasını aldıqdan sonra Alfa Romeo 2023-cü ildən sonra isveçrəlilərlə tərəfdaşlığı sonlandırma qərarı almışdı. Buna görə də Sauber növbəti iki mövsüm üçün təzə ad axtarışına çıxmışdı.

Ortaq işləyən Stake və Kick şirkətləri keçən mövsüm Avstraliya, İspaniya, Belçika və Qətərdə komandanın ana sponsoru idi. Spa-da isə Kick üçün xüsusi rəng çaları hazırlanmışdı.

Sauber komandasının təmsilçisi Alessandro Alunni Bravi bu haqda belə danışıb: “Keçən mövsüm Stake-in Formula 1-də səyahətinə başlanğıc oldu və brendin titul tərəfdaşı kimi yeni rolu bu səyahətdə həyəcanverici növbəti addımdır.

Stake öz icmasını gücləndirmək üçün Formula1-in artan fanat bazasından uğurla yararlanmaqla yanaşı, həm də idmanı tamamilə yeni auditoriyaya təqdim etdi ki, bu da təkcə bizim komandamıza deyil, Formula1-in qalan hissəsinə də fayda verəcək”.

Valtteri Bottas: “Aralarında argentinalı ulduz Serxio Aquero və hind-kanadalı repçi Karan Aujlanın da olduğu Stake-in bəzi səfirləri ilə təqdimata qatıldıq.

2024-cü il bizim üçün yeni səhifədir və daha da irəliyə gedə bilərik. Yeni mövsümdə daha həyəcanlı təqvim gözləyirik”.

Stake-in təsisçisi Edvard Kreyven: “Biz Formula1-in yeni mövsümünə cəsarətli Stake F1 Team adı ilə başlamaqla komandaya yeni parlaq kimlik gətirməkdən məmnunuq. Sürət, yenilik və sərhədləri genişləndirmək ehtirası komandanı 2024-cü ildə və ondan sonra görünməmiş zirvələrə qaldırmaq üçün ideal imkanlar verir.

Qarşıda bizi bir neçə fantastik hadisələrlə birlikdə maraqlı macəra gözləyir, ona görə də hazır olun və bizi izləyin, çünki Stake F1 komandası həyəcanlı gələcəyə doğru sürətlənir! Bizi izləməyə davam edin”.

Rauf Hacıyev

Şərh əlavə et