Kokpit.az xatırladır ki, ispaniyalı sürücünün Ferrari ilə müqaviləsi 2024-cü ilin sonunda başa çatacaq. Onun gələcəyi barədə çox söz-söhbətlər olsa da, 29 yaşlı Sayns uzun illər “qırmızılar”ın şərəfini qorumaq istəyir.
Komandanın rəhbəri Frederik Vassyör isə bildirib ki, həm Karlos Saynsın, həm də Şarl Leklerin gələcəkləri mövsüm başlamamışdan əvvəl – yəni mart ayında bilinməlidir.
Karlos Sayns: “Mənə verilən təklif barədə danışırlar. Amma bunlar hamısı dedi-qodudur və bu barədə danışmaq istəmirəm”.
Bəzi dedi-qodulara görə Ferrari Şarl Leklerə çoxillik və bolməvacibli, Karlos Saynsa isə birillik və azqazanclı müqavilə təklif edib.
Lakin ispaniyalı sürücü ümid edir ki, ona da çoxillik müqavilə təklif ediləcək: “Anlaşmalıyıq və bunun üçün qarşımızda üç ay var. Sözün açığı müqaviləni yeniləmək və bunu tezliklə etmək istəyirəm. Frederik və bütün Ferrari ailəsi mənə dəyər verirlər. Sürücü kimi bu mənim üçün hər şeydən vacibdir”.
Bəzi dedi-qodulara görə 2026-cı ildə Sauber komandasını satın alaraq idmana gəlməyə hazırlaşan Audi 29 yaşlı Saynsı transfer etmək istəyir. Lakin Karlos bildirib ki, onun əsas istəyi Maranelloda qalmaqdır: “Əgər mənə dəyər verildiyini görsəm, müqaviləni yeniləyəcəm. Komanda hazırda mənə dəyər verir. İki tərəf də istəsə anlaşmaq mümkündür.
Frederik də keçən dəfə bu barədə danışmışdı. Mən 2024-cü il mövsümünə başlayanda 2025-ci ildə harada olacağımı bilmək istəyirəm. Sonrakı hədəfimin nə olacağını bilmədən başlamaq istəmərəm. Əsas hədəfim Ferrari-dir və burada uzun illər yarışmaq istəyirəm. Ferrari-də çox xoşbəxtəm.”
Qeyd edək ki, Karlos Sayns Ferrari-də 2021-ci ildən çıxış edir və o, “qırmızılar”ın heyətində iki dəfə qələbəyə sevinib.
Şərh əlavə et