Günün ikinci yarısında ənənəvi mətbuat konfransı keçirilib, daha sonra rəsmi mərasimə yola düşüblər. FIA sosial şəbəkələrdə tədbirdən canlı yayım təşkil edib. Mərasimi idman jurnalisti Harri Benjamin 2020-ci ildə FIA Formula E Açıq İstedad Yarışmasının qalibi Derin Adetosoye aparıb. FİA prezidentinin çıxışı ilə tədbir başlayıb.
Mohammed Bin Sulayem: “Bu gün biz gözəl Bakıda idmanımızın çempionlarını şərəfləndiririk. Ev sahiblərimizə, Azərbaycan Avtomobil Federasiyasına və Bakı şəhərinə təşəkkür edir, həmçinin illik mükafatlandırma mərasimini əlamətdar hadisəyə çevirən tərəfdaşlarımız Rolex, Hankook və Brembo-ya verdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk”.
Mərasim müxtəlif seriyalı avtomobillərin və yarışların tarixindən möhtəşəm, lakin qısa bir video ilə başlayılb. Daha sonra Azərbaycan xalq orkestri baş verənlərə rəng qatıb. Mərasimin maraqlı cəhətlərindən biri ondan ibarət olub ki, bir çox çempion kubokları səhnədə qəbul etmək əvəzinə, artıq onlarla səhnəyə çıxıblar.
Maks Ferstappen kartinq üzrə Dünya Çempionatında ilk üçlüyü, o cümlədən OK sinfinin çempionu 15 yaşlı rusiyalı Kirill Kutskovu təbrik edib. Formula 1-in icraçı direktoru Stefano Domenikali Formula 3 və Formula 2 çempionlarını, eləcə də ən güclü komandaların rəhbərlərininin mükafatlarını verib.
Teo Purşer: “Bu gözəl mərasimdə olmaqdan çox məmnunam. Mövsüm əla keçdi, arzum gerçəkləşdi – Formula 2 çempionu oldum! ART komandası sayəsində, onlar olmasaydı, bu mövsüm yarışa çıxa bilməzdim. Dörd il birlikdə işlədik, amma indi onlarla ayrılıram, çünki başqa çempionata gedirəm. Amma birlikdə əla vaxt keçirdik və çox razıyam”.
McLaren-in sürücüsü Oskar Piastri ilin debütantı seçilib. Qeyd edək ki, avstraliyalı sürücü 2021-ci ildə də eyni ada layiq görülmüşdü.
Oskar Piastri: “Gələn mövsümə bu mövsümü bitirdiyimiz kimi başlasaq, yaxşı formada olacağıq! Komanda vəziyyəti yaxşıya döndərə bildi, lakin bu, hər kəsdən böyük səy tələb etdi. Formula 1-dəki ilk mövsümümdən tam həzz aldım – ümid edirəm ki, son dəfə debütant kimi mükafatlandırılıram. Ümumiyyətlə, əyləncəli il idi, amma ümid edirəm ki, gələcəkdə daha da əyləncəli olacaq”.
Ən yaxşı ötmə adına Fernando Alonsonun San-Pauluda Serxio Peresi ötməsi layiq görülüb. İspaniyalı mərasimdə iştirak etməyib, lakin videomüraciət göndərib.
Fernando Alonso: “Bütün azarkeşlərə salam! Braziliyada Serxio Pereslə döyüşüm üçün İlin Ötməsi kateqoriyasında səs verdiyinizə görə çox sağ olun. Mən də Serxioya təşəkkür etmək və bu mükafatı onunla bölüşmək istəyirəm. Trasda istənilən döyüş iki sürücü arasında qarşılıqlı münasibətin nəticəsidir və mən hesab edirəm ki, onunla döyüşümüz təkcə indikilər üçün deyil, həm də gələcək nəsillər üçün nümunə olmalıdır.
Biz maşınlar arasında heç bir təmas olmadan təmiz sürücülüyü təşviq etməliyik. Ümid edirəm ki, gələn il trasda daha çox rəqabət aparacağıq. Bizə qayğı göstərdikləri üçün bütün azarkeşlərə və FİA-ya təşəkkür edirik. Tezliklə görüşərik!”
Mərasimin sonunda F1-də üçüncü yer üçün təvazökar kuboku qəbul edən Lyuis Həmilton səhnəyə çıxaraq, hamını Milad və Yeni il münasibətilə təbrik edib.
Lyuis Həmilton: “İlin yekunları münasibətilə hamını təbrik etmək istərdim. Burada müxtəlif çempionatlarda fərqlənmiş çoxlu sürücüləri görmək inanılmaz dərəcədə xoşdur. Bu il hamı üçün çox uzun oldu, mən artıq qış fasiləsini səbirsizliklə gözləyirəm. Bundan sonra növbəti mövsümə hazırlıqlar başlayacaq və gələn il 2023-cü ildəkindən daha yaxşı çıxış etməyə çalışacağıq.
Red Bull, Maks Ferstappen və Serxio Peresi təbrik etməliyəm, onlar bu il əla iş gördülər. Maks qüsursuz çıxış etdi və onların komandası səviyyəni inanılmaz dərəcədə yüksəyə qaldırdı. Buna görə də onlara yetişmək üçün çox çalışmalıyıq. Amma inanıram ki, uğur qazanacağıq.
Mən həm də komandamı təbrik etmək istəyirəm, çünki biz mövsümə idarə edilməsi çox da əyləncəli olmayan səmərəsiz bir avtomobillə başladıq. Amma heç kim təslim olmadı, hamı çox işləməyə davam etdi və bu məni ruhlandırdı. Ümid edirəm ki, gələn il bunu düzəldə biləcəyik, lakin hələlik mən hamıya Milad bayramını, ailəniz və dostlarınızla birlikdə yeni ilinizi təbrik etmək istəyirəm!”
İkinci yer üçün kuboku Serxio Peresə Stefano Domenikali təqdim edib.
Serxio Peres: “Mövsümə güclü başladım, sonra isə hadisələr mənim üçün yaxşı davam etmədi, amma mən təslim olmadım və komanda ilə işlədim. Dəstəyinə görə bütün komandama təşəkkür edirəm. Biz birlikdə çox çətin dövrlrdən keçdik, lakin komandaya tarixinin ən yaxşı mövsümünü təqdim edə bildik. Çətin dövrdən çox şey öyrəndim və gələn il daha güclü qayıdacağam”.
Maks Ferstappen çempionluq kubokunu FİA prezidentinin əlindən alıb və rəsmi olaraq 2023-cü ilin dünya çempionu, Red Bull Racing isə Mühəndislər Kubokunun qalibi kimi tanınıb.
Kristian Horner: “Komandamız üçün tamamilə heyrətamiz bir il oldu – bir çox fərqli rekordlar yenilədik, 22 yarışdan 21-də və altı sprintdən beşində qalib gəldik. Red Bull Racing-də hər kəs bu möhtəşəm nailiyyətlərə töhfə verib və mən komandadakı hər kəs adından bu mükafatı qəbul edirəm.
Onların hamısı bizim hər iki sürücünü dəstəkləməklə əla iş gördülər və indi Maks çempionat tarixinə ən yaxşı sürücülərdən biri kimi düşəcək. Beləliklə, bu gün bizim üçün bu mühüm ili qeyd edən çox vacib bir gündür və mən əldə etdiklərimizlə çox fəxr edirəm.
Amma Formula 1 heç vaxt dayanmır, ona görə də mövsümlərarası dövr hamı üçün çox gərgin dövrdür. Çünki 2024-cü il mövsümünə az qalıb və mən indi danışarkən belə yeni avtomobil üzərində iş davam edir. Beləliklə, mövsümlərarası fasilə qısa olacaq”.
Maks Ferstappen: “Əbu-Dabidəki podiumda mövsümün bitdiyinə və daha bu gözəl maşını idarə edə bilməyəcəyimə görə məyus oldum. Bu inanılmaz idi. Komanda ilə işləmək məni çox sevindirdi. Hamımız qalib gəlmək istəyirik və əlimizdən gələni edirik. Biz dünyanı çox gəzirik və bunu həmişə güclü komanda ilə etmək daha yaxşıdır. Red Bull-da belə bir şirkətimiz var və mən bu il əldə etdiklərimizlə son dərəcə qürur duyuram”.
Beləliklə, 2023-cü ilin avtoidman mövsümü rəsmən başa çatıb və nəticələrə yekun vurulub. Artıq hər kəs milad bayramına və qış tətilinə hazırlaşa bilər…
Şərh əlavə et