Kokpit.az xatırladır ki, Mercedes komandası 2014-2021-ci illərdə ardıcıl 8 dəfə Mühəndislər Kubokunu qazandıqdan sonra 2022-ci ildə texniki reqlamentinin dəyişməsi ilə geriyə düşmüşdü.
“Gümüşü oxlar” 2022-ci ildə sadəcə 1 qələbə qazandığı halda, 2023-cü ildə heç qalib gələ bilməyib. Mercedes 2024-cü ildə tamamilə yeni bir maşınla yenidən titul uğrunda mübarizə aparmaq istəyir.
Ancaq komandanın texniki direktoru Ceyms Əllison qəbul edir ki, bu heç də asan olmayacaq: “Formula1 tarixinə baxsanız, görərsiniz ki, statistika bizə qarşıdır. Zirvədəki komandalar tez bir zamanda oradan qopmayacaqlar. Yenə də biz iddialı proqram hazırlamışıq. Burada çox gücümüz var və gələn ilin maşınında çox inkişaf etmişik.
Bunun yetərli olub-olmadığını zaman göstərəcək. Ancaq mən buna ümid edirəm. Bütün komanda işçilərinin də buna ümid etdiyinə əminəm.
Gələn il qazanarıqmı? Bunun cavabını bilmirəm. Ümid edirəm ki, geri qayıtmağımız üçün bəs edəcək. Bizim iş proqramımız var.
Qazanmaq deyəndə yarış yoxsa çempionluq qazanmaq? Mənim ağlımda həmişə çempionluq var. Çünki Formula1 bundan ibarətdir: Komandalar və Sürücülər Çempionatı. Buna görə də ümid edirəm ki, hər iki çempionatda da sona qədər mübarizə aparacağıq”.
Şərh əlavə et