Kokpit.az bildirir ki, komandalar və Formula1 rəhbərliyi sprint formatını təkmilləşdirmək üçün işlər görürlər. Bu gün isə altı sprint yarışının yeri məlum olub.
Bu il sprint yarışları Bakı, Spa, Avstriya, ABŞ, Braziliya və Qətər Qran Prilərində keçirilmişdi. Yeni mövsümdə Bakı və Spa normal yarış həftəsonuna qayıdıblar. 21 apreldəki Çin Qran Prisi və 5 maydakı Mayami Qran Prisində isə sprint yarışları təşkil ediləcək.
Bəhreyn və Səudiyyə Ərəbistanı yarışları mövsümün əvvəlində olduqları üçün təşkilatçılar Avstraliyada sprint təşkil etmək istəyirdilər, amma saat fərqinə görə bu mümkün olmayıb. Bundan başqa Çin və Mayami trasları ötmə üçün daha əlverişli sayılırlar. Buna görə də sprint üçün ən doğru seçimdirlər.
Formula1 rəhbərliyi yanvar ayında sprint formatında dəyişikıik etməyi planlaşdırır. Yeni formata görə cümə günü keçiriləcək sıralanma turu əsas yarışın yox, şənbə günü səhər keçiriləcək sprint yarışının düzülüşünü təyin edəcək. Şənbə günü səhər sprint yarışı olacaq. Nahardan sonra isə əsas yarışın sıralanma turu başlayacaq.
Beləliklə, 2024-cü ildə bu ölkələrdə sprint yarışları keçiriləcək – Çin, Mayami, Avstriya, ABŞ, Braziliya və Qətər
Şərh əlavə et