Xəbəri Kokpitdə Oxuyun!

Lekler ilə müqavilə uzadılıb?

İki gündür söhbətlər gəzir ki, Ferrari hər iki sürücü ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb, lakin sonradan mümkün razılaşmaların detalları barədə məlumat olmayıb.

Bu gün “Gazzetta dello Sport” öz mənbələrindən əldə etdiyi məlumatlara əsaslanaraq çox maraqlı detallar təqdim edib.

Nüfuzlu İtaliya nəşrindəki mətnin müəllifləri məlumatın 100% dəqiq olmasında israr etmirlər, lakin onlar yazır ki, çoxillik müqavilə artıq Şarl Leklerlə praktiki olaraq razılaşdırılıb və onun müddəti yalnız 2029-cu ildə başa çatacaq. İddialara görə, artıq bütün fundamental razılaşmalar əldə olunub və bəzi hüquqi nüansları aydınlaşdırmaq qalır.

Əgər bu xəbər doğrudursa, Şarlın Maranello komandası ilə əməkdaşlığı 13 il davam edəcək – monakolunun Ferrari ilə münasibəti 2016-cı ildə sürücü akademiyasına daxil olarkən başlayıb.

Karlos Saynsa gəldikdə, vəziyyət başqadır. Nəşrin sözlərinə görə, onunla da danışıqlar aparılır, lakin ispaniyalının təklif olunan şərtlərlə razılaşıb-razılaşmaması hələ də şübhə altındadır. Şayiələrə görə, Karlos ən azı iki illik müqavilə imzalamaq istəyir, Ferrari isə ona yalnız bir illik müqavilə təklif edir, yəni, yalnız 2025-ci ilə qədər.

Bu yanaşmanın mümkün səbəblərindən biri odur ki, Maranello gələcəkdə daha bir istedadlı sürücü dəvət etmək fürsətini əldən vermək istəmir. Ehtimal olunan namizədlər arasında McLaren ilə müqaviləsi 2025-ci ildə başa çatacaq Lando Norris də var.

Qəzetdə ispan sürücü barədə həm də bunlar yazılıb: “Lakin McLaren gələcəkdə Saynsın keçəcəyi komanda ola bilər, baxmayaraq ki, Serxio Peres getsə, Red Bull-da vakansiya onun üçün də açıla bilər. Ferrari Leklerə böyük müqavilə təklif edir. Bəs Sayns nə etməlidir?”

Ervin Əliyev

Şərh əlavə et