Xəbəri Kokpitdə Oxuyun!

FIA Masi ilə işləməyə hazırdır

2021-ci ildə Maks Ferstappenin ilk titulunu qazanması ilə nəticələnən Əbu Dabidəki mübahisəli yarışdan sonra Maykl Masi yarış direktoru vəzifəsindən ayrılmışdı və FIA onun buraxdığı səhvləri etiraf etmişdi.

Kokpit.az xəbər verir ki, son müsahibəsində FİA prezidenti bildirib ki, Masini onun üçün uyğun vakansiya yaranarsa, federasiyada işləməyə dəvət etməyə hazırdır.

Mohammed bin Sulayem: “Mən həmişə üzr istəməyi bacarıram, amma bu vəzifəyə gəlməmişdən əvvəl baş verən bir şeyə görə bunu edə bilmərəm. Üzr istəməkdə problemim yoxdur, amma Maykl Masini geri qaytarmağa hazıram. Sizcə bu düzgün qərardırmı?

Yazıqdır, hamı ona təhqirlə hücum çəkdi. Maykl Masi cəhənnəmi gördü. Cəhənnəmi! Ancaq fürsət tapsam və FİA-nın ona ehtiyacı olduğunu başa düşsəm, mütləq qayıtmağa dəvət edəcəyəm.

Bir vaxtlar o yarışın nəticələrini dəyişmək üçün gücümdən istifadə etmədiyimə görə hətta ölümlə hədələnmişdim. Təhdidlərə belə cavab verdim: “De görüm, İngiltərə-Almaniya matçında – dünya çempionatının finalında yekun hesab ədalətli idi? Nəticəni nəzərdən keçirmisiniz? Yox. Kuboku Almaniyaya verdilər? Yenə də yox”.

Xatırladaq ki, həmin vaxt federasiya əvvəlcə Masinin qəbul etdiyi qərarların reqlamentə zidd olmadığını açıqlamışdı və bununla bağlı reqlamentdən hissələr paylaşmışdı.

Elçin Zodorov

Şərh əlavə et