Las Veqasda amerikalı sürücü mövsümün ən yaxşı sıralanma turu nəticəsini göstərib – çətin və sürüşkən şəhər trasında üçüncü cərgədən start alıb. O, Yas Marinada da uğurlu çıxış edəcəyinə inanır.
Loqan Sarcent: “Las Veqasa gedəndə bilirdik ki, uzun düz yolları olan bu tras bizim avtomobilimizə uyğundur. Amma ümumilikdə, aşağı temperatur həmin həftə sonu bizə kömək etdi və biz maşını daha səmərəli işlədə bildik. Bu, hətta düz yolların kifayət qədər sürüşkən olmasına gətirib çıxardı, lakin biz bu şəraitdə digərlərindən daha rahat idik.
Mövsümün əvvəlindən ilk dəfə olaraq, Las Veqasda təsnifatdan əvvəl bilirdik ki, müəyyən ehtiyatla bir sessiyadan digərinə keçə biləcəyik. Şəxsən bu, mənə hər ardıcıl dövrədə yavaş-yavaş sürətimi artırmağa, təsnifat mərhələsinin ikinci hissəsinə yüksəlməyə imkan verdi. Orada daha da inamlı sürdüm və final sessiyasına çıxan sürücülər arasına daxil olanda hər şey qaydasında idi.
Nəticədə, mən və komanda yoldaşım üçüncü cərgədən başladıq – bu, bütün Williams komandasının çəkdiyi zəhmətə görə əla mükafat oldu. Həftəsonu ərzində çox çalışmaqda davam etdik, ona görə də yarışda daha yaxşı nəticə göstərə bilmədiyimiz üçün məyus olduq.
Düzünü desəm, 2024-cü ildə komandada qalıb-qalmayacağımı hələ bilmirəm, amma mövsümün hər mərhələsinə ayrıca hazırlaşmağa çalışdım və mənə elə gəlir ki, sürücülük baxımından nəzərəçarpacaq dərəcədə inkişaf etmişəm. Əbu Dabidə mövsüm finalında tapşırıqlarımın öhdəsindən mümkün qədər yaxşı gəlməyə çalışacağam və mənə mane ola biləcək heç bir problem görmürəm.
Bu il öyrəndiyim ən böyük dərs, ardıcıl olaraq hər gün mümkün olan ən yüksək səviyyədə çıxış etmək üçün lazım olan səy səviyyəsini qiymətləndirməkdir. Aşağı seriyalarda hansısa gün orta səviyyədə olsaz belə, yenə də lider qrupa düşmək şansınız var olur. Amma Formula 1-də bu, baş vermir. Burada hər gün tempi artırmağa çalışmalısan və bu mənim üçün ən vacib dərs oldu”.
Şərh əlavə et