Xəbəri Kokpitdə Oxuyun!

Las Veqas 2023: Qazananlar və itirənlər

Geridə qalan Las Veqas yarışı olduqca maraqlı keçib – sona qədər mübarizəyə, yarış ərzində kimin qalib gələcəyinin müəmmalı olduğu bir yarışa şahid olmuşuq. Bəs dünənki unudulmaz mübarizənin qazananları və itirənləri kim olub?

QAZANANLAR

Maks Ferstappen

Yarışa üçüncü yerdən başlayan Maks elə ilk döngədəki mübarizədə sürüşərək Lekleri trasdan çıxardığı üçün 5 saniyə cəza alıb. Daha sonra təkər dəyişərək trasa qayıdarkən nisbətən yavaş maşınların arxasında vaxt itirib, üstəlik Rassellə təmasda ön qanadını zədələyib. Lakin bütün bunlara baxmayaraq, axırıncı TM rejimindən sonra məsafələrin azalmasından da istifadə edərək parlaq qələbə qazanıb – əvvəlcə komanda yoldaşını, sonra isə yarışın lideri Şarl Lekleri arxada qoyub.

Maks beləliklə karyerasında ən çətin qələbələrindən birini qazanıb və zəfər sayında Sebastyan Fettellə bərabərləşib (53). Niderlandlı sürücü eyni zamanda mövsümdəki qələbə sayını 18-ə çatdıraraq rekordunu daha da inkişaf etdirib. Eyni zamanda, ardıcıl 6-cı qələbəsini əldə edərək növbəti seriyasını davam etdirib.

 

Şarl Lekler

Monakolu sürücü ən öndən başladığı yarışı ikinci yerdə tamamlasa da, onu uğursuz hesab etmək olmaz. Çünki Şarl yarışboyu maşının potensialından tam istifadə edə bilib. Xeyli vaxt liderlik edən Şarl zirvədəki yerini yarışın iki müxtəlif vaxtında hər iki Red Bull sürücüsünü keçərək yenidən qazanmağı da bacarıb. Sona yaxın artıq hər kər üçüncülüklə barışdığını düşündüyü bir anda Serxio Peresi geridə qoyaraq podiumun ikinci pilləsinə yüksəlib və mövsümdəki ən yaxşı nəticəsini təkrarlayıb.

Bu həftəsonu olan performansını çoxdandır tənqidlərlə qarşılaşan gənc sürücünün reputasiyasına müsbət təsir etdiyini deyə bilərik. Onun çıxışındakı yüksəliş son yarışlarda özünü göstərir – geridə qalan 3 yarışın ikisini başa vura bilib və hər ikisində podiuma yüksəlib. Braziliyada isinmə dövrəsində yol verdiyi səhvi də dünən bir qədər unutdurduğunu deyə bilərik…

 

Esteban Okon

Şənbə günü sıralanma turunda 17-ci olan, yarışa isə 16-cı yerdən başlayan bir Alpine sürücüsünün yekunda gəlib dördüncü olması doğrudan da göz oxşayır. Xaotik yarışda özünü bütün problemlərdən uzaq tutaraq lazım olan anda lazım olanı edən fransız sürücü çempionatda da komanda yoldaşı ilə fərqi xeyli azaldıb.

 

Ləns Stroll

Mövsümə ardıcıl podiumlar əldə edən komanda yoldaşının kölgəsində qalaraq başlayan kanadalı sürücünün son yarışlarda özünə gəldiyini deyə bilərik. Dünənki yarışa son cərgədən başlayan sürücü lazım olan hər şeyi edib, qarışıqlıqlardan maksimum yararlanıb və yekunda beşinci yeri təmin edib. Əlindəki zədə də bu mövsüm onun işini çətinləşdirib. Artıq ruhdan düşmüş kimi görünən Lənsin son 2 yarışda aldığı beşinciliklər ona ruh yüksəkliyi verməlidir…

 

Ferrari

Karlos Saynsa öz günahı olmayan bir məsələdə yeritirmə cəzası verilməsəydi, bəlkə də komanda artıq çempionatda ikinci yerə yüksəlmişdi. Amma yenə də Mercedes ilə fərqin 4-ə qədər düşməsi yarışın çox faydalı olduğunu göstərir. Leklerin ikinciliyi ilə də növbəti podiumu əldə ediblər. Həftəsonu Əbu Dabidə çempionatda ikincilik uğrunda gərgin mübarizə olacaq…

 

 

İTİRƏNLƏR

Serxio Peres

Yarışa 11-ci yerdən başlayan sürücünün podiuma yüksəlməsi əslində uğur hekayəsi sayılmalıdır, lakin Peresi uğurlular arasına yazmamamız üçün bir çox səbəb var. Ardıcıl 2 yarışdır ki, meksikalı sürücü son dövrədə keçilərək bir dəfə podiumdan, bir dəfə də ikincilikdən olub. Uzun müddət sonra fəxri kürsüyə qayıdan Serxio komanda yoldaşından xal və performans olaraq çox uzaqdadır.

Dünən komandasına qələbə dublu qazandırmağa yaxın olan Çeko son döngələrdə gözlənilmədən Leklerə keçilməsəydi, adını uğurlular siyahısına asanlıqla əlavə edə bilərdik…

 

Lyuis Həmilton

Yarışa 10-cu yerdən başlayan yeddiqat dünya çempionunun işləri elə startdan düz gətirməyib – Alonso ilə yaşanan təmas xeyli vaxt itkisinə səbəb olub. Sonradan əla templə yarışa davam edən Lyuis McLaren-dən olan həmkarı Oskar Piastri ilə təmasda təkərinin deşilməsinə görə növbəti ciddi vaxt itkisi ilə qarşılaşıb. Buna rəğmən yenə də əlindən gələni edərək yarışın protokollarına adını  5 saniyəlik cəza almış komanda yoldaşından yuxarıda yazdıra bilib.

 

McLaren

Hələ sıralanma turunda ilk sessiyada mübarizəni dayandıran komanda yarışda bəlkə də vacib xallar əldə edə bilərdi. Lakin Norrisin erkən qəzası ilə bu ehtimallardan biri yox olub. Piastrinin performansı isə maşının potensialının olduğunu göstərib. Sonlara doğru dördüncü yerdə gedən Oskar gözlənilmədən məcburi pit-stop edərək gerilərə düşüb. Son dövrələrdə ən sürətli dövrəni vuraraq və 10-cu yeri tutaraq komandasının həftəsonu ərzində qazandığı cəmi 2 xala imza atıb.

 

 

Williams

Autsayderlər qrupunun ən çox xal qazanan komandasının burada sürətli olacağı çoxdan gözlənilirdi. Sıralanma turu da bunu sübut edib – Aleksander Elbon və Loqan Sarcent start düzümündə üçüncü cərgəni zəbt ediblər. Yarışın ilk dövrələri də komandanın lehinə keçib. Lakin artıq ortalara doğru onlarda ciddi performans itkisi müşahidə edilib və yekun nəticədə yarışı xalsız tərk ediblər…

 

Elçin Zodorov

Şərh əlavə et