Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Hələ də məyusam

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, cəzaya görə məyusdur.

Kokpit.az xatırladır ki, Las Veqasdakı birinci sərbəst yürüşlərdə drenaj qapağı çıxaraq Karlos Saynsın maşınına dəymiş və nəticədə maşın zədələnmişdi. Bu zədəyə görə Ferrari komandası ispaniyalı sürücünün güc qurğusunda bəzi dəyişikliklər edib və Sayns bu dəyişikliyə görə yarışın startında 10 yer itirərək, sabah 12-ci yerdən start alacaq.

Ferrari komandası dünən bu cəzaya problemin trasdan qaynaqlandığı əsası ilə etiraz etsə də, FİA etirazı rədd edib və cəza qüvvədə qalıb.

Karlos Sayns: “Hər şeydən əvvəl komanda əla işlədi. Dünən çətin keçəm cümədən sonra sıralanma turunda hegemonluq etdik. Maşını bir araya gətirərək, ön cərgələrdə olmaq inanılmazdır.

Sözün açığı poul qazanmağı çox istərdim, çünki o zaman 12-ci yerdən başlamaq əvəzinə 11-ci yerdən başlayacaqdım. Amma bu gün maksimum nəticə qazandıq.

Dünənki cəzaya görə hələ də məyusam. Yalan deməyəcəm – hələ də qanım qaradır. Bunu hiss etdirməməyə çalışıram. Amma olan olub.

Yarış startdan və təkərlərin yeyilməsindən asılı olacaq. Daha sonra isə ötmələrin asanlığından… Bu həftəsonu sürətli görünürük. Sabah Maks və Şarl ilə qələbə uğrunda mübarizə aparmağı istəyərdim, amma heyif ki, geridönüş rejimində olacağam. Ümid edirəm ki, önə çataraq, onlarla mübarizə apara bilərəm. Bu çətin olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et