Mövsümün sonuncu sprint yarışına Norris ən öndən başlayıb. Heç kim cəzalanmadığı üçün start düzülüşündə yer dəyişikliyi olmayıb.
Kokpit.az xəbər verir ki, Norris və Ferstappen ilk, Peres və Rassell ikinci, Həmilton və Tsunoda isə üçüncü cərgədən yarışa başlayıblar. Maqnussen, Hülkenberq və Sarcent orta, qalanları yumşaq təkərləri seçib. Yalnız AlphaTauri və Alfa Romeo sürücülərinin maşınlarına təzə tərkiblər taxılıb.
Norris startda Ferstappenə, bir qədər sonra da Rassellə keçilib. Həmilton Peresi geridə qoyub. Lakin 3 dövrə sonra Peres yerini bərpa edib, Norris də Rasselldən intiqamını alıb.
Serxio 9-cu dövrədə Rasselli də geridə qoyub. Rikkardo Saynsı qabaqlasa da, ispan sürücü yerini geri alıb, əvəzində Daniel Piastridən geri qalıb. Sonrakı dövrələrdə təkərlər köhnəldiyi üçün artıq heç kim hücumlar etmək barədə düşünməyib və yarış sakit keçib. Lekler və Tsunoda Həmiltonu qabaqlayıb. Rikkardoya isə Saynsı keçmək üçün məsafə bəs etməyib.
Mövsümün son sprint yarışının qalibi Maks Ferstappen olub. Lando Norris ikinci, Serxio Peres isə üçüncü yeri tutublar.
Sabah bizi daha uzun və daha fərqli ssenarili əsas yarış gözləyir…
Şərh əlavə et