Formula1 təsdiq edib ki, Pirelli 2027-ci ilə qədər dünya çempionatının partnyoru və eksklüziv təchizatçısı olaraq qalacaq.
Kokpit.az bildirir ki, italyan şirkətin müqaviləni daha bir il də uzatmaq şansı olacaq.
Bundan əlavə, yeni müqaviləyə Pirelli-nin gələcəyin istedadlarını dəstəkləmək öhdəliyinə uyğun olaraq Formula2 və Formula3 komandalarına təkər tədarükü variantı da daxildir. Müqavilənin uzadılması o deməkdir ki, şirkət 18 mövsüm ərzində çempionatın yeganə tədarükçüsü olaraq qalacaq.
İndiyə qədərki müddət ərzində Pirelli məhsullarının keyfiyyətini ildən-ilə yaxşılaşdırmaq üçün yarışçılar, komandalar, FIA və Formula1 ilə sıx əməkdaşlıq qurub, yarış təkərləri ilə təmin edib, onların performansları haqqında məlumatları toplayaraq təhlillər aparıb.
Pirelli həmçinin ekoloji cəhətdən təmiz həllərin işlənib hazırlanmasında aparıcı mövqe tutub və Formula1-in ekoloji öhdəliyini dəstəkləyir. Çünki çempionat 2030-cu ilə qədər karbon neytrallığına nail olmağa çalışır.
2024-cü ildən etibarən Dünya Çempionatı üçün nəzərdə tutulan bütün Pirelli təkərləri Beynəlxalq Meşə İdarəetmə Şurası (FSC) tərəfindən sertifikatlaşdırılacaq. FSC sertifikatı o deməkdir ki, rezin istehsalı üçün bitki xammalı tədarük edilən plantasiyalar biomüxtəlifliyin dəstəklənməsi sahəsində ekoloji standartlara cavab verir, həmçinin onlarda işləyən insanlar və yerli əhali üçün gəlir gətirir.
Şərh əlavə et